Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Özbəkistan və Azərbaycan arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq yeni səviyyəyə yüksəlir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu özbək ictimai-siyasi xadimi, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı (2019-cu ildən), “Yüksəliş” hərəkatının sədri (27 iyul 2020-ci ildən), Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə komitəsinin sədri Bobur Bekmurodov söyləyib.
Onun sözlərinə görə, ölkələr Mobile-ID və Face-ID kimi elektron xidmətlərin və şəxsiyyətin identifikasiyası sistemlərinin tətbiqi üzrə təcrübə mübadiləsi aparır, həmçinin dövlət xidmətlərinin avtomatlaşdırılmasına dair ümumi yanaşmalar formalaşdırırlar.
“Biz tərəfdaşlığımıza “şagird-müəllim” münasibətləri kimi baxmırıq. Bu, ən yaxşı praktikaların tətbiqinə və vətəndaşlar üçün rahat şəraitin yaradılmasına imkan verən iki innovativ qovşaq arasında konstruktiv dialoqdur”, - deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, bu gün Özbəkistan regionda rəqəmsal transformasiyanın aparıcı qüvvəsidir, belə ki, xidmət mərkəzləri və my.gov.uz portalı vasitəsilə təqdim olunan dövlət xidmətlərinin sayı 2017-ci ildəki 37-dən ötən il 770-ə çatıb.