Rəqəmsal xidmətlər: Avropa həllərinə üstünlük vermək olarmı?

02.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 2 fevral, AZƏRTAC

Böyük Amerika rəqəmsal platformalarına alternativ olaraq Fransa və ümumilikdə Avropa mənşəli həlləri tanıdan internet saytlarının sayı getdikcə artır. Məqsəd Avropada suveren rəqəmsal ekosistemin inkişafına töhfə vermək və ABŞ qanunvericiliyinin təsirindən kənarda qalmaqdır.

AZƏRTAC xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lökornü nazirlərə və dövlət qulluqçularına yerli tətbiq olmayan videokonfrans xidmətlərindən imtina etməyi tövsiyə edib.

Baş nazirin yaydığı daxili sirkulyar məktubda müxtəlif və bir-biri ilə uyğun olmayan rəqəmsal həllərin sadələşdirilməsi, xərclərin azaldılması zərurəti vurğulanır. Hesablamalara görə, “Teams” (Microsoft), “Zoom” və ya “Cisco” şirkətinə məxsus “Webex” kimi lisenziyalı xidmətlərdən imtina edən 100 min dövlət qulluqçusu üçün illik qənaət təxminən 1 milyon avro təşkil edə bilər. Hökumət bu məqsədlə fransız istehsalı olan “Visio” platformasına üstünlük verilməsini istəyir.

Bu qərar təkcə iqtisadi məsələ deyil. Söhbət dövlətin mərkəzində baş verən görüşlərin məzmunu, müzakirələr və rəsmi hesabatların ötürüldüyü kommunikasiya vasitələri üzərində nəzarətin yenidən ələ alınmasından, yəni rəqəmsal suverenlikdən gedir. Qərarın verildiyi kontekst də diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanın tətbiqi nəticəsində bir fransız hakimin bütün Amerika rəqəmsal xidmətlərindən - elektron poçt, onlayn ödənişlər, səyahət saytları və çatdırılma xidmətlərindən - istifadə etməsi qadağan olunmuşdu. Bu hadisə Avropada rəqəmsal asılılıq mövzusunu daha da aktuallaşdırıb.

Son günlər internetdə böyük Amerika rəqəmsal xidmətlərinə alternativ olaraq Avropa və Fransa mənşəli platformaların siyahısını təqdim edən çoxsaylı səhifələr yaradılıb və ya yenilənib. Məsələn, Avstriyada fəaliyyət göstərən “European Alternatives” saytı axtarış sistemləri, elektron poçt, tərcümə xidmətləri, domen adlarının alınması və internet brauzerləri kimi kateqoriyalar üzrə Avropa həllərini təqdim edir.

Digər bir platforma olan “Switch to EU” isə istifadəçilərə “WhatsApp”, “Gmail” və ya “Microsoft”a uyğun Avropa alternativlərini təklif edir. Bu saytlar texniki keçid prosesini asanlaşdırmaq üçün praktik məsləhətlər də verir. “EU-Score” platforması da Avropa istehsalı məhsulları ön plana çıxarır. Texnologiya getdikcə daha çox siyasi xarakter alır.

Avropa alternativləri hələlik bütün sahələrdə Amerika nəhəngləri ilə eyni səviyyədə performans və xidmət keyfiyyəti təqdim etməyə bilər. Lakin bu platformalardan istifadə edildikcə təkmilləşir, yeni iş yerləri yaradır və Avropada vergi ödəyirlər. Bu, bir daha göstərir ki, texnologiya artıq təkcə texniki məsələ deyil. O getdikcə daha çox siyasi seçimə, suverenlik və strateji müstəqillik məsələsinə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью