Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ev təsərrüfatlarının uçotunun aparılması Azərbaycanda yeni tətbiq olunan mexanizm deyil. Bu proses onilliklərdir mövcuddur və ötən əsrin 40-cı illərindən etibarən həyata keçirilir. Sadəcə, indiyədək uçot əsasən kağız daşıyıcılarında aparılıb, indi isə onun rəqəmsal formata keçirilməsi nəzərdə tutulur”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, buna görə də bu prosesi tamamilə yeni sosial müdafiə mexanizmi kimi təqdim etmək düzgün deyil:
”Burada əsas yenilik mövcud uçot sisteminin texnoloji baxımdan təkmilləşdirilməsidir.
Rəqəmsallaşmanın müsbət tərəfi məlumatların daha operativ toplanması, yenilənməsi, təhlili və müxtəlif dövlət qurumlarının istifadəsi üçün əlçatan olmasıdır. Bu, əhalinin sosial vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə və dövlət proqramlarının planlaşdırılmasına müəyyən üstünlüklər verə bilər. Lakin rəqəmsal bazanın yaradılması özlüyündə əhalinin sosial vəziyyətinin yaxşılaşması demək deyil. Əgər toplanan məlumatlar əsasında konkret qərarlar qəbul edilməyəcəksə və sosial problemlərin həllinə real təsir göstərilməyəcəksə, bu dəyişiklik sadəcə məlumatların saxlanma formasının yenilənməsi olaraq qalacaq.
Digər tərəfdən, məlumatların düzgünlüyü də ciddi əhəmiyyət daşıyır. Ailələrin gəlirləri, məşğulluğu, əmlak vəziyyəti və digər göstəricilər real vəziyyəti əks etdirməlidir. Çünki yanlış və ya vaxtında yenilənməyən məlumatlar əsasında qəbul edilən qərarlar sosial yardıma həqiqətən ehtiyacı olan insanların bu dəstəkdən kənarda qalmasına səbəb ola bilər. Vətəndaşların şəxsi məlumatlarının qorunması da xüsusi diqqət tələb edir.
Məncə, bu islahatın uğurunu rəqəmsal bazanın yaradılması ilə deyil, onun əhalinin həyatına gətirəcəyi real fayda ilə qiymətləndirmək lazımdır. Əsas məsələ 80 ildən artıqdır aparılan uçotun elektronlaşdırılması deyil, həmin məlumatlardan istifadə etməklə sosial siyasətin nə dərəcədə ədalətli, ünvanlı və səmərəli qurulmasıdır”.