Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İmişli"nin baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz"ə məğlub olduqları matçı (0:1) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis ilk olaraq məğlubiyyətin səbəblərindən danışıb:
"İlk növbədə, hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox xoş idi. Gəncə şəhər stadionunda keçirilən əvvəlki matçları da izləmişdik. Burada oynamaq həqiqətən çətindir. Komandamın çıxışından razı qaldım, amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz üç xal qazanmaq idi. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib gözəl qol vurdu, biz isə yaratdığımız imkanlardan yararlana bilmədik. Buna görə məyusam".
- Məğlubiyyətin əsas səbəbi nə oldu?
- Əsas səbəb rəqibin qol vurması, bizim isə bunu bacarmamağımızdır. “Kəpəz”in bizdən üstün oynadığını deməzdim. Gərgin mübarizə getdi. Futbol səhvlər oyunudur. Qayda pozuntusuna yol verdik və nəticədə cərimə zərbəsindən qol buraxdıq.
- Buraxdığınız qolda rəqib futbolçunun ustalığı ön plana çıxdı, yoxsa qapıçınızın səhvi oldu?
- Yaxşı zərbə idi. Bu barədə çox danışmaq istəmirəm. Çünki qapıçı məşqçisi deyiləm. Qapıçılar üzrə məşqçimiz həmin epizodu təhlil edəcək.
- Karyeranız ərzində belə gözəl stadionda olmusunuz?
- Təbii ki, olmuşam. Amma məşqçi kimi bu stadionda ilk dəfə idi. Bəzi futbolçularımız da ilk dəfə belə atmosferdə oynayırdılar. Matçdan əvvəl onlarla bu barədə danışmışdıq. Hər bir futbolçu karyerasının əvvəlində belə atmosferdə oynamağı arzulayır. Burada çıxış etmək həm mənim, həm də komandamın üzvləri üçün çox xoş idi.