Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Polşanın “Radomyak” futbol komandasının yarımmüdafiəçisi İbrahima Kamara meydandakı aqressiv davranışına görə altı aylıq diskvalifikasiya edilib.
İdman.Biz “VoetbalPrimeur” nəşrinə istinadən xəbər verir ki, qərarı Polşa Ekstraklasasının İntizam Komissiyası qəbul edib.
Hadisə “Radomyak”ın səfərdə “Poqon” (Şetsin) komandasına 3:4 hesabı ilə məğlub olduğu qarşılaşmada baş verib.
Oyunun 90-cı dəqiqəsində rəqib futbolçuya zərbə endirən 27 yaşlı qvineyalı yarımmüdafiəçi qırmızı vərəqə alıb. Lakin onun aqressiv davranışı bununla yekunlaşmayıb.
Kamara meydanı tərk edərək tunelə yollansa da, daha sonra geri qayıdıb və “Poqon”un ehtiyat oyunçularından birinin başına zərbə endirib.
İntizam Komissiyası futbolçunun hərəkətini ədalətli oyun prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
Nəticədə Kamara altı aylıq diskvalifikasiya ilə yanaşı, 50 min zlotı (təxminən 21 500 AZN) məbləğində cərimələnib. Cəza Polşadakı bütün yarışlara, o cümlədən ölkə kubokuna şamil edilir.
Futbolçu hadisədən sonra sosial şəbəkədə üzr istəsə də, bu, cəzanın yüngülləşdirilməsinə təsir göstərməyib.
Qeyd edək ki, Kamaranın “Radomyak”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Altı aylıq diskvalifikasiya səbəbindən onun mövsümün qalan hissəsini buraxacağı gözlənilir.