Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir çox xarici futbol saytları və səhifələri, azarkeşlərin tez-tez üz tutduğu hesab platformaları Azərbaycan çempionatının yekun cədvəlində “Qəbələ”ni 10-cu yerdə göstərir. “Kəpəz” isə onların təqdimatına görə mövsümü 11-ci yerdə bitirib. Bu göstəricilər də öz növbəsində azarkeşlər arasında çaşqınlıq yaradır, məsələni dolaşdırır.
Sözsüz, xaricdə yaşayanlar bizim premyer-liqanın reqlamentindən xəbərsizdi. Ona görə də ortaya belə mənzərənin çıxmasına təəccüblənmək lazım deyil. Hər bir yarışın özünün əvvəlcədən müəyyən olunmuş reqlamenti var ki, sonda da turnir cədvəlindəki sıralama həmin reqlamentə uyğun formalaşır. Bizim çempionatda da elədi. Peşəkar Futbol Liqası mövsümün əvvəlində reqlamenti qəbul edir və bütün klublar da o reqlamentə uyğun mübarizəyə başlayır.
Həmin reqlamentin qaydaları “Kəpəz”in 10-cu, “Qəbələ”nin isə 11-ci yerdə qərarlaşdığını, mövsümün məhz belə yekunlaşdırdığını göstərir. Söhbət ondan gedir ki, xallar eyni olarsa, üstünlük mövsüm ərzində ən çox qələbə qazanmış komandaya verilir. “Kəpəz” 33 tur ərzində 8 qələbə qazana bilibsə, “Qəbələ”də bu say 7-yə bərabərdi. “Qəbələ” üçün əsas problem də məhz budu. Hər iki komandanın hesabında 27 xal olsa da, daha çox qələbə qazanan Gəncə təmsilçisi 10-cu sıranı “özəlləşdirib”. Qalan bütün göstəricilər “Qəbələ”nin xeyrinə olsa belə, reqlament hansısa yerdəyişməyə imkan vermir.
Məsələ də həmin reqlamentin nə dərəcədə ədalətli olmasıdı. PFL-in ədalətli qurum olduğuna zərrəcə şübhəm yoxdu. Az əvvəl qeyd etdiyim kimi, reqlament hamı üçün eynidi və mövsümdən əvvəl şərtləri bilməyən qalmayıb. “Qəbələ” işini daha ehtiyatlı tutmalı, məsələni bu yerə gətirib çıxarmamalı idi. Mən Azər Bağırovun “Kəpəz”i elitada saxlamaq üçün çəkdiyi əziyyəti yerə vurmaq, futbolçuların zəhmətini kiçiltmək fikrində deyiləm. Amma fakt faktlığında qalır ki, “Qəbələ” bir çox göstəricilərə, o cümlədən də meydanda sərgilədiyi oyuna görə “Kəpəz”dən daha yaxşı olduğuna bizi inandıra bilib. Ortada danılması mümkün olmayan əlahəzrət faktlar var.
Bu komandaların öz aralarında keçirdikləri oyunlara baxsaq, tərəzinin gözü “Qəbələ” tərəfə əyilir. Belə ki, ilk dövrədə “Qəbələ” “Kəpəz”i 3:0 hesabıyla məğlub edib. Dekabrın 14-də keçirilən oyunu isə “Qəbələ” azlıqda başa vurub və meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Rəqiblər bir daha aprelin 5-də qarşılaşıblar. “Qəbələ” Yevlaxda keçirilən və nominal qonaq kimi keçirdiyi oyunda “Kəpəz”dən üstün olub. Kaxaber Sxadadzenin komandası rəqibin qapısından iki cavabsız top keçirib. Komandaların vurduğu və buraxdığı topların arasındakı fərq də “Qəbələ”nin xeyrinədi. “Qırmızı-qaralar” rəqib qapılarına 32 dəfə yol tapıbsa, “Kəpəz” 25 dəfə azarkeşlərini qolla sevindirib. Əvəzində “Kəpəz”in qapıçıları düz 61 dəfə topu tordan çıxarıb. Bu göstəriciyə görə yalnız “Karvan-Yevlax” “Kəpəz”dən geridədi. “Qəbələ”nin qapısına isə cəmi 49 qol vurulub. “Qəbələ”də toplar arasında fərq 17, “Kəpəz”də isə 36-dı. Düz iki dəfədən çox fərq var.
“Qəbələ”nin oyununu izləyənlər bu komandanın nəinki “Kəpəz”dən, hətta “Şamaxı”dan, “İmişli”dən, “Araz Naxçıvan”dan belə yaxşı oynadığını görüblər. Amma nəticələr heç də həmişə sərgilənən oyuna uyğun olmur. Bəzən də təqvim “Qəbələ”nin qarşısını kəsib. Məsələn, “Kəpəz” “Sabah”la o vaxt qarşılaşıb ki, “bayquşlar” çempionluğu təmin edib və yumşaq desək, xala ehtiyac duymayıb.
Əlbəttə, belə məqamlar başqa söhbətin mövzusudu. Lakin elə reallıqlar da məhz belə məqamların üzərində formalaşır. Bir sözlə, “Qəbələ” elitada qalmağa layiq komandadı. Təkcə bu nəticələrinə görə yox, elə Azərbaycan futboluna göstərdiyi xidmətə görə də.
İndi qarşıda bunu meydanda sübut etmək üçün daha bir vacib oyun var. Ümid edirəm ki, Sxadadze və onun güvəndiyi futbolçular bu məsuliyyətin fərqindədi.
AMAL