Rəşad Məcid qəzetlərin aqibətindən DANIŞDI

06.09.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Bizə - ömrünü qəzetçiliyə həsr etmiş insanlara nə qədər ağır olsa da, etiraf etməliyik ki, kağız qəzet artıq tarixə çevrilir. Həm də bu, təkcə qəzet köşklərinin lotereya və elektron siqaretlər satılan məkana çevrilməsinin ağrısı deyil. İndiki dövrdə oxumaq təəssüf ki, dəbdən düşüb. Bu gün sosial media fenomenləri - blogerlər, influenserlər, yutuberlər daha çox baxış sayı əldə edirlər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktörü Rəşad Məcid deyib.

Onun fikrincə, bununla belə, ciddi, alternativ fikirlər, xəbərlərə fərqli rakurslardan yanaşmalar eşitmək və düşünmək istəyən insanlar üçün gündəmin obyektiv, əhatəli və peşəkar şərhi yenə də aktualdır:

“Son vaxtlar türkiyəli jurnalist Cüneyit Özdəmirin yutub kanalında, demək olar, hər gün hazırladığı, gündəmin müzakirəsinə həsr edilən verilişlərini mütəmadi izləyirəm. Türkiyənin və dünyanın gündəmində baş verən heç bir hadisə gözdən qaçmır. Ən aktual mövzular müxtəlif sahələr üzrə peşəkarlaşmış daimi və qonaq ekspertlərin şərhi ilə müzakirəyə çıxarılır, izləyicilərə düşünmək imkanı verilir. Şəxsən mən peşəkar qəzetçinin apardığı bu verilişi elə çağdaş qəzet adlandırardım.

Bu gün bizim sosial media məkanında belə səviyyəli komanda ilə gündəmin hərtərəfli müzakirəsi nümunəsi, təəssüf ki, yoxdur. Hələlik təkcə Şərif Ağayarın apardığı "Yazıçı postu"nda bunun müəyyən işartıları görünür və düşünürəm ki, inkişaf etdirilərsə, dolğun və əhatəli bir layihəyə çevrilə bilər. Klassik qəzetçi dostları ruhdan düşməməyə, dövrün gətirdiyi yeniliklərə çevik reaksiya verməyə çağırıram. Sonda yenə peşəkarlar üstünlük qazanacaqlar”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью