Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Zirə” Misli Premyer Liqasının altıncı turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra komandasının çıxışını dəyərləndirib.
Mütəxəssis futbolçularına əzmkar oyunlarına görə təşəkkür etdiyini və Tovuzda oynamağın asan olmadığını bildirib:
“Bu gün komandamı məğlub görmürəm”.
Sadıqov oyunun sonunda yaşananlarla bağlı ciddi bir hadisənin olmadığını deyib. O, bəzi məqamların komandasını təxribata çəkmək məqsədi daşıya biləcəyini istisna etməyib.
Baş məşqçi Amin Seydiyevin epizodu ilə bağlı isə bildirib ki, Rəvan Həmzəzadə “Zirə”nin oxşar epizodlarında qayda pozuntusu qeydə almayıb. Onun sözlərinə görə, aut atılan zaman oyun artıq başa çatmışdı və “Zirə” həmin autu atsaydı, qarşılaşmanın bitəcəyinə əmin idi.
Sadıqov son illərdə hakimlərin üzərində legioner məşqçilər tərəfindən təzyiq yaradıldığını iddia edib:
“Son 6 ildə çempionatda ən çox səhvlər “Zirə”yə qarşı olub”.
“Zirə”nin məğlubiyyəti ilə bağlı da fikirlərini bölüşən çalışdırıcı komandasının uduzmadığını, oyunun ilk dəqiqələrindən Tovuzdan xalla ayrılmağın çətin olacağını hiss etdiyini bildirib. O, hakimlər üzərində təzyiq yaradıldığını açıq şəkildə hiss etdiyini və hakimlərin bu təzyiqin altında qalmayacağına ümid etdiyini söyləyib.
Sadıqov “Zirə”nin hücumda aktiv görünməməsinin səbəbini isə “Turan Tovuz”un oyun fəlsəfəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, rəqib çoxsaylı uzun ötürmələrdən istifadə etdiyi üçün “Zirə”nin topla oynamaq imkanları məhdudlaşıb. Mütəxəssis 60-cı dəqiqədən sonra oyuna nəzarətin onların tərəfində olduğunu qeyd edib.
Baş məşqçi “Turan Tovuz”a qarşı yaranan aqressiyanın komandanın avrokuboklara “Zirə”nin əvəzinə getməsi ilə bağlı olmadığını da vurğulayıb. O, bu prosesin daha əvvəl başladığını və aqressiyanın “Azersun Arena”da “Turan Tovuz”a məğlub olduqları oyundan sonra yarandığını bildirib.
Sadıqov rəhbərlik səviyyəsində “Zirə”yə qarşı aqressiyanın olduğunu düşündüyünü də açıqlayıb: “Bilmirəm “Turan Tovuz”da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm”.