Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis mətbuat konfransında erkən qol buraxmalarına baxmayaraq, futbolçularının çıxışından razı qaldığını söyləyib.
“Oyun bizim üçün uğursuz başladı. Halbuki bütün həftə matça hazırlaşarkən rəqibin pressinq edəcəyini nəzərə almışdıq. Tapşırıq sadə oynamaq və risk etməmək idi. 15-20 dəqiqə ərazi üstünlüyünə malik olsaq da, təhlükəli qol imkanlarımız olmadı. Üstünlük bizdə idi, rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futbolçulardan razıyam. Səfərdə çempionatın favoriti ilə oynayırdıq. Bu şəkildə davam etsək və zədəli futbolçularımız qayıtsa, daha da güclənəcəyik”, – deyə Sadıqov bildirib.
Baş məşqçi Dimitri Leqbonun fərqli mövqelərdə çıxış etməsinin səbəblərinə də aydınlıq gətirib:
“Vinger çatışmazlığımız var. Hazırda vingerimiz Eren Aydındır. Kris Diqbe və Dameyn Smit isə baxışdan sonra komandaya cəlb etdiyimiz perspektivli futbolçulardır. Onları gələcəyi də düşünərək transfer etmişik. Zərurət yarandıqda rotasiyalar edirik. Amin Seydiyev və Qismət Alıyev cinah müdafiəçiləridir. Leqbo və Aydından isə vinger kimi istifadə etməyi planlaşdırırıq. Belə oyunlarda qalib gəlmək üçün hücum xəttində matçın taleyini həll edə biləcək futbolçular lazımdır”.
Sadıqov final fitindən sonra “Neftçi”nin baş məşqçisi Yuri Vernidubla arasında yaşanan gərginliyin səbəbini də açıqlayıb:
“Ona dedim ki, özünüzə həddindən artıq yersiz danışmağa imkan verirsiniz. Siz “Neftçi”dəsiniz, bu kluba hörmətimə görə heç nə demirəm. Amma düşünməyin ki, deməyə sözüm yoxdur. Ötən oyunda da çox yersiz danışmışdı. Bəzi açıqlamaları və sözləri ona yaraşmır. Fasilədə də yanımdan keçərkən çox danışırdı. Ona dedim ki, susmağımın səbəbi var: siz “Neftçi”dəsiniz və biz bu klubda çalışan hər kəsə hörmətlə yanaşacağıq”.
Mütəxəssis qarşılaşmanın son dəqiqələrində futbolçular arasında müşahidə olunan gərginliyə də münasibət bildirib:
“Xüsusi bir aqressiv davranış görmədim. Özümüz də futbolçu olmuşuq. Məğlub olduğun komanda ilə oyunu böyük istəklə gözləyirsən, qalib gəlmək istəyirsən. Anlayırdıq ki, “Neftçi” bu gün qalib gəlsə, qış fasiləsinə qədər olan təqvimi nəzərə alsaq, bu, onlar üçün son dərəcə vacib qələbə olacaq. Qış fasiləsinə lider kimi yollana bilərlər. Futbolçular tərəfindən hörmətsizlik görmədim”.