GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Globalinfo.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda deyilir: “Bu gün, 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa zəfərindən 4 il ötür.
Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.
Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.
Lakin, Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.
Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi.
Həmin tarixdə başlayan əks-hücum əməliyyatı – 44 günlük Vətən müharibəsi – zəfərə aparan yolun başlanğıcı oldu.