Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti rəsmi Bakıya beynəlxalq münasibətlər sistemində çevik davranmaq, milli maraqları prioritet saxlayaraq müxtəlif güc mərkəzləri ilə eyni vaxtda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurmaq imkanı verir. Bu yanaşma Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik gündəliyində riskləri azaltmaqla yanaşı, strateji təşəbbüsləri gerçəkləşdirmək üçün geniş manevr məkanı formalaşdırır. Eyni zamanda, ölkəmizə ayrı-ayrı geosiyasi qütblər arasında “seçimə məcbur qalmaq” sindromundan kənarda dayanmağa, tərəfdaşlıqları rəqabət müstəvisindən çıxarıb əməkdaşlıq müstəvisinə yönəltməsinə şərait yaradır. Bu isə həm regional layihələrin dayanıqlığını artırır, həm də Azərbaycanın beynəlxalq mövqeyini proqnozlaşdırılan və etibarlı tərəfdaş modeli imicini gücləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirilib.
Onun sözlərinə görə, Azərbaycanın balanslaşdırılmış diplomatiyasının önəmli üstünlüklərindən biri də ölkəmizin regional gündəliyin formalaşdırılmasında formal səviyyədə “vasitəçi” rolu ilə çıxış etmədən öz rolunu praktik nəticələr doğuran təşəbbüslərlə təsdiqləməsi ilə səciyyələndirilir: “Rəsmi Bakı regionda təhlükəsizliyin, kommunikasiya xətlərinin açılmasının, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimad mühitinin gücləndirilməsinin əsas dayaqlarından birinə çevrilib. Regional münasibətlərin tənzimlənməsində Azərbaycanın rolunu səciyyələndirərkən bir neçə əsas məqam xüsusilə vurğulanmalıdır. Birincisi, Azərbaycan regionda sabitliyin konkret iqtisadi və infrastruktur layihələri ilə möhkəmləndirilə biləcəyini nümayiş etdirir. İkincisi, rəsmi Bakı beynəlxalq hüquq prinsiplərinə söykənən yanaşma sərgiləməklə, münaqişələrdən, daha doğrusu, müharibələrdən sonra yaranan yeni gerçəkliklərin dayanıqlı sülhə çevrilməsi üçün məsuliyyətli xətt yürüdür. Üçüncüsü, Azərbaycan regional dialoqun təşviqində balanslı mövqeyi ilə çıxış edərək, tərəflərin qarşılıqlı maraqlarını nəzərə alan, praqmatik və mərhələli həll modelinə üstünlük verir”
Ekspertin fikrincə, bu gün Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının yaranması, nəqliyyat-loqistika marşrutlarının genişlənməsi, enerji təhlükəsizliyi və iqtisadi bağlantıların güclənməsi fonunda Azərbaycanın rolu daha aydın görünür. Biz ölkə olaraq, regional qarşıdurma dilini əməkdaşlıq dilinə çevirməyi hədəfləyən konseptual yanaşma ortaya qoyuruq və bu, region dövlətlərinin uzunmüddətli maraqları ilə səmərəli şəkildə uzlaşır .
“Beləliklə, çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan regional münasibətlərin tənzimlənməsində praqmatik, məsuliyyətli və təşəbbüskar aktor olaraq çıxış edir. Bu rol isə sülh, təhlükəsizlik və inkişaf gündəliyinin əsas sütunlarından biri kimi qiymətləndirilə bilər”,- deyə A.Bağırova qeyd edib.