Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Respublika Perinatal Mərkəzinin binası iki ildən artıqdır fəaliyyət göstərmir. Vaxtilə minlərlə ailənin övlad sevincinə qovuşduğu tibb müəssisəsinin binası hazırda baxımsız vəziyyətdədir.
Modern.az xəbər verir ki, bu barədə “Xəzər TV” süjet hazırlayıb.
Süjetdə qeyd olunur ki, Mərkəz uzun illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət peşəkar komanda formalaşdırıb. Lakin müəssisənin iki ildən artıqdır fəaliyyət göstərməməsi onun gələcək taleyi ilə bağlı suallar yaradıb.
Maraqlıdır ki, bu il təmir olunacağı gözlənilən binada hələ də əsaslı işlərə başlanılmayıb. Çəkiliş zamanı binanın giriş hissəsindən içəridəki vəziyyətin toz basmış oturacaqlar və istifadəsiz qalmış dəhlizlərlə müşayiət olunduğu görüntülənib.
Ərazidə çalışan şəxslərdən əldə edilən məlumata görə, hazırda binanın yalnız birinci mərtəbəsindəki şöbələrdən birinin fəaliyyəti bərpa olunub. Mərkəzin inzibati şöbəsi də həmin mərtəbədə fəaliyyət göstərir.
Respublika Perinatal Mərkəzinin gələcək fəaliyyəti və binanın təmir işləri ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğu ünvanlanıb. Lakin hər iki qurumdan bildirilib ki, müəssisənin gələcək taleyi ilə bağlı onlarda məlumat yoxdur.
Beləliklə, minlərlə ailəyə xidmət göstərmiş Respublika Perinatal Mərkəzinin nə zaman tam fəaliyyətə başlayacağı hələ də bəlli deyil.