Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Luiziana ştatından respublikaçı senator Con Kennedi 2028-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə biləcəyini açıqlayıb. Modern.az xəbər verir ki, senator bununla belə, hazırda əsas hədəfinin Senata yenidən seçilmək olduğunu bildirib.
NBC News-un “Meet the Press” proqramında aparıcı Kristen Uelker Kennedidən prezident seçkilərində iştirak etmək imkanını nəzərdən keçirib-keçirmədiyini soruşub.
“Bəli”, - senator cavab verib.
Bununla belə, Kennedi yekun qərar vermədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda planları Senata yenidən seçilməklə bağlıdır. Lakin Konqresin yuxarı palatasında artıq səmərəli fəaliyyət göstərə bilmədiyini düşünərsə, planlarını dəyişə bilər.
“Əgər Senatda daha effektiv ola bilməsəm, bu imkanı nəzərdən keçirərdim”, - Kennedi deyib.
Senator həmçinin bildirib ki, Respublikaçılar Partiyasından prezident vəzifəsini layiqincə icra edə bilməyəcəyini düşündüyü çoxsaylı namizədlər olarsa, seçki yarışına qoşulmaq barədə qərar verə bilər.
Bununla belə, Kennedi vitse-prezident Cey Di Vensin mümkün namizədliyi barədə danışmaqdan imtina edib. Vens Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində əsas namizədlərindən biri hesab olunur.
Kennedi hesab edir ki, 2028-ci il prezident seçkilərində hər iki partiyanın seçicilərə geniş namizəd seçimi təqdim etməsi faydalı olar.
Qeyd edək ki, Kennedi 2028-ci ildə Senata yenidən seçilmək üçün mübarizə aparmalıdır. O, gələcək prezidentlik yarışında iştirak edə biləcəyini açıq şəkildə bildirən nüfuzlu respublikaçılardan birinə çevrilib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl mümkün varisləri sırasında Cey Di Vens və dövlət katibi Marko Rubionun adlarını çəkib. Rubio isə sentyabr ayında hazırda prezidentliyə namizəd olmaq planının olmadığını bildirib.
2028-ci il prezident seçkilərində iştirak edə biləcəyi deyilən şəxslər arasında müdafiə naziri Pit Heqsetin də adı hallanıb. Lakin Pentaqon nümayəndəsi bu məlumatı təkzib edib.
Vens isə yaxın günlərdə NBC News-a açıqlamasında Texas ştatından respublikaçı senator Ted Kruzun prezidentlik kampaniyasına hazırlaşdığının açıq şəkildə göründüyünü deyib.
Hazırda adı çəkilən siyasətçilərdən heç biri prezidentliyə namizədliyini rəsmi şəkildə elan etməyib.
2028-ci il seçkiləri 2012-ci ildən bəri Donald Trampın Respublikaçılar Partiyasından namizəd olmayacağı ilk prezident seçkisi olacaq.