Bakupost saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilər Respublikaçılar Partiyasının ağır məğlubiyyəti ilə nəticələnib. İlkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu ələ keçirib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, demokratlar Senatda çoxluğu təmin ediblər. Nümayəndələr Palatasında da üstünlük əldə edən partiya Konqresin hər iki palatasına nəzarəti ələ keçirir.
Qubernator seçkilərində də demokratlar mühüm uğurlar qazanıblar.
Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, respublikaçılar aralıq seçkilərində gözlənildiyindən də ağır məğlubiyyətə uğrayıblar:
“İndi əsas sual bundan sonra nə baş verəcəyidir. Təbii ki, Tramp indiyədək malik olduğu sərbəstliyi, siyasi fəaliyyət azadlığını müəyyən qədər itirəcək. O, davranışında düzəlişlər etmək məcburiyyətində qalacaq. Ancaq onun xarakterini də nəzərə almaq lazımdır. Tramp indidən bəyan edib ki, demokratlar onun istəmədiyi xətti seçsələr, Konqresin qəbul etdiyi qərarlara veto qoyacaq”.
Ekspertin sözlərinə görə, bütün hallarda Konqres Tramp administrasiyası üçün ciddi problemlər yarada bilər:
“Tramp yaxşı olar ki, bu barədə indidən düşünsün. Konqreslə qarşıdurma ona xeyir gətirməyəcək. Məhz Trampın müştəbehliyi respublikaçıları bu vəziyyətə salıb.
İrana münasibətdə isə Trampın sülhə meyli bir qədər artıb. Mövcud vəziyyətdə o, buna getmək məcburiyyətindədir. Tehran da öz növbəsində müəyyən yumşalmalara gedir”.
Abutalıb Səmədov hesab edir ki, yeni siyasi şəraitdə Konqreslə Tramp administrasiyası qarşıdurmadan yayınmaq üçün kompromisə getməlidirlər:
“Ölkənin ardıcıl böhranlarla üzləşməməsi və Trampın onsuz da azalan nüfuzunun daha da zəifləməməsi üçün barışıq yolları axtarılmalıdır. Əks halda, Tramp ABŞ tarixinin ən uğursuz prezidentlərindən biri kimi yadda qala bilər. Bu isə növbəti prezident seçkilərində də respublikaçıların ağır məğlubiyyətinə səbəb ola bilər”.
Rüfət Sultan,
BakuPost