Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 5 sentyabr, AZƏRTAC
Tarixi məkanlar yalnız daşdan, qayadan, qədim divarlardan və tikililərdən ibarət deyil. Onlar xalqımızın keçmişini yaşadan, milli yaddaşımızı qoruyan və gələcək nəsillərə ötürülən canlı tarixdir. Bu məkanlara münasibətimiz tariximizə, mədəni irsimizə və milli dəyərlərimizə verdiyimiz qiymətin göstəricisidir. Təəssüf ki, bəzən insanlar tarixi abidələrin, qayaların və qədim tikililərin üzərinə adlarını, müxtəlif ifadələri və tarixləri yazır, boya ilə müxtəlif cızma-qara və işarələr çəkirlər. Xüsusilə Şuşa kimi hər daşı, hər qayası tarix danışan şəhərdə belə mənzərələrin yaranması olduqca üzücüdür. Bunu xatirə kimi qəbul etmək doğru deyil. Çünki bir neçə dəqiqəyə çəkilən yazı və cızma-qara illərin, əsrlərin formalaşdırdığı tarixi və estetik görünüşü zədələyir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin müəllimi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, rəssam Aidə İbrahimova deyib.
Aidə İbrahimovanın sözlərinə görə, təbiətin yaratdığı hər qayanın öz rəngi, fakturası və ritmi var. Küləyin, yağışın, günəşin və zamanın daş üzərində yaratdığı cizgilər təbiətin öz sənətidir.
“Qayaların üzərinə sonradan çəkilən boya, yazılar və cızma-qara isə bu təbii mənzərəyə yad müdaxilədir və bu yolverilməzdir. Bu izlər yalnız görüntünü korlamır, həm də məkanın tarixi və estetik dəyərinə xələl gətirir. Tarixi məkan şəxsi gündəlik, qaya albom səhifəsi, qədim divar isə xatirə dəftəri deyil. Əgər bir məkandan xatirə aparmaq istəyiriksə, foto çəkək, onun tarixini öyrənək, haqqında danışaq və gözəlliyini paylaşaq. Amma özümüzdən fiziki iz qoymayaq. Əsl mədəniyyət öz adını hər yerdə göstərməklə olmur, özündən sonra həmin məkanı necə görmüsənsə, elə də saxlamaqdır"- deyə rəssam əlavə edib.
Müxbir - Nail Əsgərov