Restoranlarda müştəri ayrı seçkiliyi: Mütəxəssisdən ilginc açıqlama

16.11.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Boranı restoranının Neftçilər filialına tək gələn vətəndaşın içəri daxil olmasına icazə verilməyib.

Vətəndaş sosial şəbəkə hesabında paylaşımında bildirib ki, restorana daxil olmaq istədikdə ona tək gələn şəxslərin içəri buraxılmadığı, bunun üçün bir neçə nəfərdən ibarət olması lazım olduğu deyilib.

Hətta iki nəfərin də restorana daxil olmasına icazə verilmədiyi bildirilib.

Gununesi.info-ya danışan marketinq mütəxəssisi Abbasəli Hüseynov məsələyə belə münasibət bildirib:

“Burada məsələ təkcə bir restoranın müştərini içəri buraxmaması deyil. Əslində, söhbət Azərbaycanda bəzi restoran və iaşə obyektlərinin müştəriyə münasibətində formalaşmış yanlış idarəetmə və marketinq düşüncəsindən gedir.

Məncə, bu məsələyə üç istiqamətdən baxmaq lazımdır: restoran qaydaları, müştəri təcrübəsi və biznes etikası.

Bir restoranın müəyyən geyim qaydaları müəyyənləşdirməsi başadüşüləndir. Məsələn, idman geyimi ilə daxil olmağa məhdudiyyət qoyursa, bunu əvvəlcədən elan edə və öz konsepsiyasına uyğun xidmət standartı müəyyənləşdirə bilər. Ancaq bu qaydalar aydın, əvvəlcədən elan edilmiş, əsaslandırılmış və ayrı-seçkilik yaratmayan formada tətbiq edilməlidir. Müştəriyə münasibət isə sahibkarın şəxsi zövqündən, əhvalından və qapıdakı əməkdaşın subyektiv qərarından asılı olmamalıdır.

Çünki müştərini qapıdan qaytarmaq bir neçə saniyə çəkir. İtirilmiş nüfuzu geri qaytarmaq isə bəzən illər tələb edir.

Təhlükəsizlik və digər əsaslandırılmış səbəblərdən müəyyən qaydalar da tətbiq oluna bilər.

Amma iki nəfər gəlir, içəri buraxılmır, bir nəfər tək gəlir, qəbul edilmir, müştəri idman geyimindədir, qapıdan qaytarılır. Bütün bunları hansı biznes məntiqi ilə izah etmək olar?

Restoran sahibinin öz konsepsiyasını müəyyənləşdirmək hüququ var. Amma bu hüquq müştəriyə qarşı istənilən münasibəti normal etmir”.

O əlavə edib ki, marketinqin ən böyük səhvlərindən biri müştərini özünə sərf edən formada təsnif etməkdir.

“Müştərinin neçə nəfər gəlməsi, kişi və ya qadın olması, tək oturması avtomatik olaraq onun biznes üçün dəyərsiz müştəri olması demək deyil.

Bir az da kommersiya tərəfinə baxaq. Restoran yalnız yemək satmır. O, rahatlıq, münasibət, xidmət və təcrübə təqdim edir. Müştəri oraya pul xərcləməyə gəlir. Onun qarşısına qapıda süni maneə qoymaq isə hələ sifariş verməmiş potensial alıcını itirmək deməkdir.

Çünki hər bir narazı müştərinin öz əhatəsi var. O, yaşadığı narazılığı ətrafındakılarla da bölüşür. Nəticədə WOMM (Word-of-Mouth Marketing), yəni ağızdan-ağıza marketinq işə düşür. Bu da müştəri itirilməsinə gətirib çıxarır.

Dünya marketinqində Customer Experience (müştəri təcrübəsi) deyilən anlayış var. Bu anlayış onu ifadə edir ki, müştərinin restoran haqqında fikri yalnız yeməyin keyfiyyətindən formalaşmır. İlk təmasdan, qarşılanmadan, sifarişin qəbuluna, xidmətə və yola salınmaya qədər hər bir detal brendin nüfuzuna təsir edir.

Hətta FMCG sektorunda belə müştərinin məhsulu seçməsi üçün milyonlarla vəsait xərclənir. Restoran sektorunda isə müştəri öz ayağı ilə qapıya qədər gəlir. Sən isə onu heç bir əsaslı səbəb olmadan geri qaytarırsan.

Ən maraqlısı odur ki, bəzi sahibkarlar yüksək səviyyəli xidmət göstərdiklərini düşünürlər, amma belə xidmətin ilk şərtinin müştəriyə hörmət olduğunu nəzərə almırlar.

Yüksək səviyyəli xidmət göstərmək qapıda müştəri seçmək deyil, daxil olan hər bir müştəriyə müəyyən edilmiş xidmət standartını təqdim etməkdir”.

Şəbnəm Rəhimova

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью