Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Son dövrlər ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri restoran və kafelərdə müştərilərdən alınan "servis haqqı"dır. Bir çox vətəndaş bu ödənişin qanuniliyini sual altına alır və onun məcburi şəkildə tətbiq edilməsinin düzgün olmadığını düşünür.
Bəs restoranlarda tətbiq olunan "servis haqqı" qanunidirmi? Müştəridən bu ödənişin alınması hansı hallarda düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirdi ki, ictimai iaşə obyektlərində tətbiq olunan "servis haqqı" istehlakçı hüquqları baxımından həssas məsələlərdən biridir.
"Hüquqi aspektdən yanaşdıqda, istehlakçı ilə restoran arasında yaranan münasibət bir növ ictimai oferta müqaviləsidir. Mülki Məcəlləyə və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, sahibkar istehlakçını göstərilən xidmət, onun qiyməti və ödəniş şərtləri barədə öncədən, tam və aydın şəkildə məlumatlandırmalıdır. Əgər "servis haqqı" menyuda, qiymət siyahısında və ya restoranın girişindəki məlumat lövhələrində əks olunubsa və istehlakçı sifariş verərkən bu şərtlərlə tanış olubsa, bu, tərəflərin qarşılıqlı razılığı kimi qiymətləndirilir və hüquqi qüvvəyə malikdir. Bu halda restoranın həmin haqqı hesaba daxil etməsi qanunidir, çünki istehlakçı bu şərtləri qəbul edərək xidmətdən yararlanmağa qərar vermişdir".
Müsahibimiz "servis haqqı"nın hansı hallarda qanunsuz olduğundan da bəhs etdi:
"Lakin menyuda və ya digər rəsmi məlumat daşıyıcılarında qeyd olunmayan, sifarişin sonunda hesaba "gözlənilməz" şəkildə əlavə olunan "servis haqqı" istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə hallar İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçıya mal və ya xidmətin qiymətində aldatma yaxud menyuların düzgün tərtib olunmaması kimi qiymətləndirilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu cür hallarda istehlakçıların aldadılması kimi təsnif edərək müvafiq tədbir görür. Qanunsuz tətbiq olunan "servis haqqı" tələbi sahibkarlıq subyekti üçün inzibati məsuliyyət və cərimələrin tətbiq olunmasına əsas yaradır. İstehlakçı belə vəziyyətlə qarşılaşdıqda, müvafiq ödəniş qəbzi və ərizə ilə aidiyyəti dövlət qurumuna rəsmi şikayət ünvanlamaq hüququna malikdir".
Aytəkin TOFİQQIZI