Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xakerlər ABŞ Hərbi Hava Qüvvələrinin “Cloud One” adlı əsas bulud hesablama platformasına müdaxilə ediblər.
“Reuters”in mənbələrə istinadən yaydığı məlumata görə, kiberhücum faktı təxminən bir ay əvvəl sistemin yenilənməsi zamanı aşkarlanıb.
Xakerlərin kimliyi, müdaxilənin miqyası və hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı məlum deyil. Bununla belə, platformada taktiki, şəxsi heyət və logistika xarakterli böyük həcmdə məxfi məlumatların saxlanıldığı bildirilir.
2017-ci ildə yaradılan “Cloud One” platforması “Microsoft”, “Amazon”, “Oracle” və “Alphabet” şirkətlərinin xidmətlərindən istifadə edir. Sistem şəxsi heyət, əməkhaqqı, logistika və texniki xidmətlə bağlı çoxsaylı proqramların fəaliyyətini təmin edir.
Məlumatda qeyd olunur ki, hücumun aşkarlanmasından sonra platformada bir sıra əməliyyatlar dayandırılıb. Mövcud proqramların yenilənməsi bloklanıb, bəzi istifadəçilərin administrator hüquqları ləğv edilib. ABŞ Hərbi Hava Qüvvələrinin kibermüdafiə komandanlığına da hadisənin nəticələrini qiymətləndirmək tapşırılıb.