Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, həmin simvolik fotonun müəllifi, tanınmış fotojurnalist Reza Deqati kadrın çəkilmə tarixçəsi və Fransada şahidi olduğu anlarla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Nümayişlərin yaddaqalan obrazları və siyasi hədəflər
O qeyd edib ki, fotojurnalist həmişə hadisələrin mərkəzində olmalıdır. “Son vaxtlar diqqətimi əsasən Qarabağ mövzusuna yönəltsəm də, ötən həftə Parisdə dincəlməyi planlaşdırdığım bir gündə böyük iğtişaşların baş verəcəyi xəbərini alan kimi Respublika meydanına yollandım. Yüz minlərlə insanın iştirak etdiyi yürüş, əslində, dinc xarakter daşıyırdı. Lakin belə tədbirlərdə həmişə qara geyimli gənclərdən ibarət “Black Bloc” kimi iğtişaşçı qruplar ortaya çıxır. Onlar polisə daş və boya atır, qarşıdurma yaradırdılar. Polis gözyaşardıcı qazdan istifadə etməyə başlayanda ərazi müharibə meydanına döndü. Yanımda xüsusi qoruyucu vasitələr olmadığı üçün çəkiliş zamanı qolumdan xəsarət aldım, gözlərim qıcıqlandı. Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm”, - deyə fotojurnalist əlavə edib.
Fransanın tarixən kütləvi mitinqlərin keçirildiyi ölkə olduğunu söyləyən R.Deqati belə tədbirlərdə gənclərin maraqlı və yaradıcı geyimlər geyindiklərini, üzərilərində diqqətçəkən şüarlar yazılmış plakatlar daşıdıqlarını bildirib. Qeyd edib ki, həmin gün də meydanda çoxlu insan var idi. Onların arasında kloun, “Hörümçək adam” və Betmen obrazlarında geyinənlər də yer alırdı. Fransada gələcək seçkilər ərəfəsində siyasi vəziyyət gərgindir. Baş verənlərdə, ilk növbədə, miqrantlar günahlandırılsa da, saxlanılan 1600 nəfərin yalnız 27 faizi miqrant olub. İfrat sağçı qüvvələr, o cümlədən Marin Lö Pen seçici dəstəyi qazanmaq üçün miqrasiya mövzusundan siyasi qazanc əldə etməyə çalışırlar.
Misli görünməmiş genişmiqyaslı iğtişaşlar və dağıdılan brend mağazalar
İndiyədək belə miqyasda iğtişaşın şahidi olmadığını diqqətə çatdıran Reza Deqati əlavə edib: “Məşhur brend mağazaları da talan olundu. İdman geyimləri və ləvazimatları satılan mağazada demək olar heç nə qalmamışdı. Ətrafdakı digər obyektlərə də ziyan vurulmuşdu. Fransa cəmiyyəti hökumətdən bu halların qarşısının alınmasını tələb edir. İnsanlar hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsini və qanun qarşısında cavab verməsini istəyirlər. İğtişaşlarda iştirak edənlərin bir qisminin 18 yaşına çatmadığı bildirilirdi. Bu səbəbdən yetkinlik yaşına çatmayan şəxslərin məsuliyyəti məsələsi də müzakirə olunur. Eyni zamanda, dağıntılar nəticəsində dəymiş ziyanın hesablanması və onun təqsiri olan şəxslərə ödətdirilməsi ilə bağlı tədbirlərin görülməsi də gündəmdədir.
Ümumilikdə cəmiyyətdə hökumətin belə hallara qarşı qətiyyətli mövqe nümayiş etdirməsi, ictimai asayişi qoruması və baş verənlərin təkrarlanmaması üçün tədbirlər görməsi gözləntisi var”.