sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sumqayıt"ın "Qəbələ"ni 4:1 hesabı ilə mığlub etdiyi oyundan sonra "kimyaçılar"ın prezidenti Riad Rəfiyev jurnalistlərin, o cümlədən oyuna ezam olunmuş Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
– Komanda bu gün vacib qələbə qazandı. Qarşılaşmanı necə dəyərləndirirsiniz?
– Bu, bizim üçün çox vacib qələbə idi. Komanda psixoloji baxımdan yaxşı vəziyyətdə deyildi. Bu gün qalib gəlmək bizim üçün çox önəmli idi. Futbolçuları təbrik edirəm və onlara təşəkkürümü bildirirəm ki, bu çətin oyundan üzüağ çıxdılar.
- "Kəpəz"lə oyunda qələbəni son dəqiqələrdə əldən verdiniz. Bu dəfə isə dörd qol vuraraq qalib gəldiniz.
- "Kəpəz"lə matçda da komanda yaxşı oynamışdı. Düşünürəm ki, qələbəyə layiq idik. Stadionda möhtəşəm atmosfer gördük. "Kəpəz"in çox yaxşı azarkeş dəstəyi var. Qələbəyə çox yaxın idik, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Buna görə də bugünkü qələbənin bizim üçün nə qədər vacib olduğunu başa düşürdük.
– Mətbuatda yayılan söz-söhbətlərə görə, bu gün qələbə qazanılmasaydı, baş məşqçi Filipe Kandido ilə yolların ayrılması məsələsi gündəmə gələ bilərdi. Bu məlumatlar doğrudurmu?
- Xeyr, belə söhbət heç vaxt olmayıb. Kandido ilə əməkdaşlığımızdan, komandadan, futbolçuların keyfiyyətindən və nümayiş etdirdiyimiz oyundan çox məmnunuq. Sadəcə, futboldur, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Nəticələr gəlmədikcə psixoloji təzyiq də artır. Amma baş məşqçi ilə yolların ayrılması barədə heç vaxt söhbət olmayıb.
- Mövsümün əvvəlindəki uğursuz nəticələrdə təqvimin nə qədər rolu oldu?
- Təqvimdən daha çox zədəli futbolçuların yoxluğu təsir göstərdi. İkinci amil kimi təqvimi qeyd etmək olar. Amma əsas problemimiz zədələr idi. Artıq bilmirik ki, bu qədər zədə niyə baş verir? Bu gün də hücumçumuz ağır zədə aldı. Onun uzun müddət meydanlardan kənarda qalması ehtimalı böyükdür. Oyunun sonlarında Rüstəm Əhmədzadə də zədələndi. Vəziyyət doğrudan da ürəkaçan deyil.
- Mövsümün əvvəlindəki uğursuz nəticələrə baxmayaraq, klubda müəyyən sakitlik hiss olunurdu. Transferlər və baş məşqçinin təyinatı ilə bağlı ciddi narahatlıq görünmürdü. Bu, təcrübədən irəli gəlirdi?
- Komandaya qoşulan futbolçuların keyfiyyəti yaxşı idi. Təcrübə də müəyyən mənada sözünü deyir. Amma yenə vurğulayıram ki, əsas problemimiz təqvim deyil, zədəli futbolçular idi. İlk iki oyuna əsas heyətin yeddi-səkkiz futbolçusu olmadan çıxdıq. Səbuhi Abdullahzadə də ilk oyunda xoşagəlməz hadisə ilə üzləşdi və uzun müddət meydanlardan kənarda qalacaq. Əsas çətinliyimiz bu idi.
Bu gün üç xal qazanmaq bizim üçün çox vacib idi. Ümid edirəm ki, bundan sonra komandada özünəinam daha da artacaq və daha yaxşı nəticələr əldə edəcəyik.
– Legioner limitinin dəyişməsindən sonra Azərbaycan klublarının avrokuboklarda uğur qazanması çətinləşə bilərmi? "Sumqayıt"ın bu mövsüm avrokuboklara vəsiqə qazanmaq hədəfi var, yoxsa əsas məqsəd liqada qalmaqdır?
- Mən əvvəllər də şəxsi fikrimi bildirmişdim. Düşünürəm ki, legioner limitinin dəyişməsi Azərbaycan çempionatında klublar arasında böyük fərq yarada bilər. Bu, bir qədər mürəkkəb məsələdir. Hazırda bu barədə danışmaq istəməzdim.
- Milli komandaların oyunları ilə əlaqədar fasilə "Sumqayıt" üçün nə dərəcədə faydalı oldu? Həm zədəlilərin bərpası, həm də yeni futbolçuların uyğunlaşması baxımından vəziyyət necədir?
- Fasilə faydalı oldu. Komandada yeni futbolçular var idi, gənc qapıçımız və Bandray da heyətə qoşulmuşdu. Eyni zamanda, xeyli sayda zədəli oyunçumuz var idi. Bu baxımdan milli komandaların oyunları ilə əlaqədar fasilə komandamız üçün faydalı oldu.
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdışınız niyə gecikir? Meydançanın örtüyü ilə bağlı problem var?
- Meydançanın örtüyü tam hazır olmadığı üçün istədiyimiz nəticəni əldə edə bilməmişik. Buna görə də növbəti iki oyunu "SOCAR Polymer Arena"da keçirmək qərarına gəldik. Planımız "Şəfa" ilə oyunu artıq Mehdi Hüseynzadə adına stadionda keçirməkdir.
- Meydançanın bərpası və baxımı ilə bağlı klubun üzərinə hansı öhdəliklər düşür?
- Meydançanın baxımı klubumuzun üzərindədir.
- Qarşıdakı "Araz-Naxçıvan"la oyunun əhəmiyyəti nə qədər böyükdür? Rəqiblə xal fərqini artırmaq baxımından bu matç nə vəd edir?
- Çox vacib oyun olacaq. Həm rəqiblərimizdən uzaqlaşmaq, həm də xal fərqini artırmaq baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. "Araz-Naxçıvan"ın da yeni məşqçisi var və onlar da mütləq qələbə qazanmağa çalışacaqlar. Buna görə bizi çox ağır və eyni zamanda son dərəcə vacib oyun gözləyir.