Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycanın sosial-iqtisadi tərəqqi strategiyası: Yüksələn güc və davamlı inkişaf
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin çıxışında ölkənin qarşıdakı dövr üçün sosial-iqtisadi prioritetləri ilə bağlı səsləndirilən fikirlər bir sıra mühüm göstəricilərlə yanaşı, Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini də müəyyənləşdirdi.
Dövlət başçısının nitqində sosial rifahın yüksəldilməsi, iqtisadi artım məqsədilə investisiyaların cəlb edilməsi, maliyyə dayanıqlığının qorunması, enerji potensialının səmərəli istifadəsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi vahid inkişaf zəncirinin elementləri kimi təqdim edildi.
Bu yanaşmada diqqətçəkən məqam ondan ibarətdir ki, iqtisadi siyasətin nəticəsi təkcə makroiqtisadi göstəricilərlə ölçülmür. Bu, eyni zamanda, insanların gəlirlərinin, sosial təminatının və həyat imkanlarının yaxşılaşması ilə dəyərləndirilir. Bununla yanaşı, sosial ödənişlərin davamlı artırılması üçün dayanıqlı iqtisadi bazanın möhkəmləndirilməsi, investisiya, istehsal, ixrac, enerji və tranzit gəlirlərin getdikcə çoxaldılması da daim diqqətdə saxlanılır.
Bütün bu qeyd edilənlər isə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial ödənişlərin artırılması, investisiya axınının genişləndirilməsi, xarici borcun minimum səviyyəyə endirilməsi, strateji valyuta ehtiyatlarının çoxaldılması, enerji potensialından yeni geosiyasi və iqtisadi imkanların yaradılması, nəqliyyat-tranzit mövqelərinin gücləndirilməsi Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin bir-birindən ayrı istiqamətləri deyil, vahid iqtisadi strategiyanın tamamlayıcı həlqələridir.
Sosial siyasətin mərkəzində insan amili
Prezident İlham Əliyev qurultaydakı çıxışında 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib. Dövlət başçısı bunu illərdir ki, həyata keçirilən siyasətin davamı kimi vurğulayıb və Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılmasının əsas məqsəd olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bu siyasətin davam etdirilməsi üçün iqtisadi inkişafın zəruriliyini önə çəkib.
Burada sosial siyasətlə iqtisadi siyasət arasında mühüm bir əlaqə nəzərə çarpır. Belə ki, əhalinin gəlirlərinin və sosial ödənişlərin artırılması büdcədən əlavə vəsait ayrılması məsələsi olmaqla bərabər, həm də gəlir bazasının genişlənməsi, iqtisadi fəallığın qorunması, məşğulluğun artması, əməkhaqqı fondunun böyüməsi və ümumilikdə maliyyə imkanlarının genişləndirilməsi deməkdir.
Azərbaycanın son illərdə sosial siyasətdə tətbiq etdiyi mexanizmlər də bu ardıcıllığı göstərir. Məsələn, 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının və istehlak qiymətləri indeksinin müvafiq göstəriciləri nəzərə alınmaqla həyata keçirilib. Dövlət başçısının 9 fevral 2026-cı il tarixli sərəncamı ilə pensiyaların və pensiya kapitalının indeksləşdirilməsi gerçəkləşdirilib. Bu baxımdan ölkə rəhbərinin 2027-ci il üçün yeni artımlar barədə açıqlaması da sosial siyasətin davamlı xarakter daşımasının növbəti mərhələsi kimi qiymətləndirilib.
İki forumda 20 milyard dollarlıq müqavilə
Prezident İlham Əliyev YAP VIII Qurultayında Azərbaycanın 2025 və 2026-cı illərdə 2 dəfə Beynəlxalq İnvestisiya Forumuna ev sahibliyi etdiyini və hər iki forum çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirib. Dövlət başçısı bunu respublika iqtisadiyyatına inamın göstəricisi kimi dəyərləndirib.
Bu rəqəm xüsusilə ona görə əhəmiyyətlidir ki, investisiya müqavilələrinin həcmi təkcə ayrı-ayrı layihələrin maliyyələşdirilməsi anlamına gəlmir. Burada söhbət yeni istehsal güclərinin yaradılmasından, mövcud müəssisələrin modernləşdirilməsindən, enerji və nəqliyyat infrastrukturunun genişləndirilməsindən, qeyri-neft sektorunun inkişafından, yeni iş yerlərinin açılmasından və ixrac imkanlarının artırılmasından gedir.
Prezident İlham Əliyevin çıxışında xarici investisiyaların həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarına yönəldilməsinin vacibliyi xüsusi vurğulanıb. Bu, Azərbaycanın investisiya siyasətində diversifikasiya məsələsinin aktuallığını göstərir. Digər tərəfdən, investisiya təkcə xaricdən kapital cəlb etmək fikrini ifadə etmir. Eyni zamanda, investorun gəldiyi ölkədə hüquqi sabitlik, infrastruktur, enerji təminatı, logistika imkanları, maliyyə sistemi, insan kapitalı və bazara çıxış kimi amillərin məcmusunun onun qərarına təsirini diqqətə çatdırır. Deməli, 20 milyard dollardan artıq kontraktın arxasında müxtəlif istiqamətlər üzrə uzunmüddətli institusional və infrastruktur hazırlığı da dayanır.
30 trilyon dollarlıq kapital
Sentyabrın sonunda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini artıran başqa bir göstərici isə tədbirdə iştirak edən aparıcı investisiya qurumlarının idarə etdikləri vəsaitin ümumi həcminin 30 trilyon dollardan çox olmasıdır. Prezident İlham Əliyevin qurultaydakı çıxışında məhz həmin göstəricini diqqətə çatdırması isə dünyanın aparıcı investisiya fondları və şirkətlərinin Azərbaycana olan marağının parlaq ifadəsidir.
Forum çərçivəsində keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunda da qlobal maliyyə institutlarının iştirakı diqqət çəkib. Prezidentin rəsmi saytında yayılan məlumata görə, tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlər iştirak edib. Bu göstəricinin iqtisadi məzmunu ondan ibarətdir ki, Azərbaycan artıq qlobal investorların da diqqət yetirdiyi platformalardan biri kimi özünü təsdiq edir.
Qlobal kapital bazarında rəqabətin kəskinləşdiyi bir vaxtda investor üçün ölkənin yerləşdiyi coğrafiya qədər onun yaratdığı logistika, enerji, rəqəmsal və sənaye infrastrukturu da əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətlərdə paralel layihələr həyata keçirməsi investisiya imkanlarının coğrafiyasını genişləndirir.
Borcun azalması – maliyyə dayanıqlığının göstəricisi
YAP VIII Qurultayında diqqət çəkən mühüm tezislərdən biri Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 5,6 faizə qədər azalması ilə bağlı olub. Prezident İlham Əliyev çıxışında ölkəmizin uzun illər ərzində xarici borcunu mərhələli şəkildə azaltdlğını və hazırda bu göstəricinin ÜDM-in 5,6 faizini təşkil etdiyini bildirib. Dövlət başçısı bu səviyyəni dünya miqyasında aşağı göstəricilərdən biri kimi qiymətləndirərək Azərbaycanın istədiyi halda xarici borcunu qısa müddətdə tam bağlaya biləcəyini də vurğulayıb.
Burada əsas məsələ yalnız borcun mütləq məbləği deyil, onun iqtisadiyyata nisbətidir. Dövlət borcunun ÜDM-ə nisbətən aşağı olması büdcənin borc xidmətinə yönələn yükünü məhdudlaşdırır və fiskal siyasət üçün əlavə manevr imkanları yaradır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 iyul 2026-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalıb. Bu prosesin digər tərəfi strateji valyuta ehtiyatları ilə bağlı olub. Belə ki, həmin tarixə Azərbaycanın strateji valyuta ehtiyatları 85,77 milyard dollar təşkil edib. Prezident İlham Əliyev YAP qurultayındakı çıxışında isə ehtiyatların artıq 90 milyard dollara çatdığı bildirilib. Beləliklə, borcun azalması ilə ehtiyatların artması eyni istiqamətdə diqqət çəkən iki maliyyə göstəricisi kimi qiymətləndirilib.
Beləliklə, borcun aşağı salınması maliyyə suverenliyini gücləndirir. Valyuta ehtiyatlarının artırılması xarici şoklara qarşı dayanıqlığı yüksəldir. İnvestisiyaların cəlb edilməsi iqtisadi artım üçün əlavə kapital yaradır. Enerji resursları ixrac imkanlarını genişləndirir. “Yaşıl” enerji yeni bazarlara çıxış perspektivi açır. Tranzit dəhlizləri Azərbaycanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirir. Bütün bunların sosial siyasətlə əlaqələndirilməsi isə iqtisadi strategiyanın son nəticədə insan amilinə yönəldiyini göstərir.
Burada mühüm məsələ davamlılıqdır. Sosial ödənişlərin artırılması üçün gəlir mənbələri genişlənməlidir, gəlirlərin artması üçün investisiya və istehsal lazımdır, investisiya üçün isə sabit maliyyə, enerji və logistika infrastrukturu tələb olunur. Bu infrastrukturların inkişafı da öz növbəsində iqtisadi fəallığı və yeni gəlir mənbələrini artırır. Bununla da, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri bir-birini tamamlayan dövriyyə yaradır.
Vaqif BAYRAMOV
XQ
Ekspert rəyi
Eldəniz ƏMİROV,
Iqtisadçı-ekspert
Prezident İlham Əliyev YAP-ın qurultayındakı çıxışında siyasi məsələlərlə yanaşı, iqtisadi və sosial prioritetlərə də xüsusi diqqət yetirdi. Sosial ödənişlərin artırılması, investisiyalar, dövlət borcu və valyuta ehtiyatları, enerji siyasəti, tranzit imkanları, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı mühüm məsələlərə toxundu.
Dövlət başçısının çıxışinda iki məqam diqqətimi xüsusilə cəlb etdi. Birincisi, qlobal enerji keçidi ilə əlaqədar yanaşma idi. Ölkə Prezidenti bununla bağlı dedi: “Bu gün “yaşıl keçid”lə bağlı tezisi ortaya atanlar arasında da artıq ciddi müzakirələr gedir. Yaxşı, qoy almasınlar bizim qazımızı, neftimizi, neft məhsullarımızı. Onların iqtisadiyyatı necə inkişaf edəcək?”
Bir neçə ildir ki, dünyada “yaşıl” enerji və karbohidrogenlərdən imtina perspektivləri müzakirə olunanda mən də mövqeyimi bu istiqamətdə ifadə etmişəm ki, ən azı yaxın 50 ildə qlobal iqtisadiyyat neft və qazdan tam imtina edə bilməyəcək”.
Məsələ yalnız neft və qazın yanacaq kimi istifadəsi ilə məhdudlaşmır. Karbohidrogenlər neft-kimya sənayesindən başlayaraq çoxsaylı məhsulların istehsalında mühüm xammal bazasıdır. Eyni zamanda, enerji təhlükəsizliyi və iqtisadi səmərəlilik məsələləri də qalır. “Yaşıl” enerjinin payı artacaq, texnologiyalar inkişaf edəcək, enerji balansı dəyişəcək, amma bu proses neft və qazın qısa və orta müddətdə iqtisadi əhəmiyyətini aradan qaldırmayacaq.
İkinci diqqətimi çəkən məqam isə Böyük Qayıdışla bağlı açıqlanan yeni rəqəmlər oldu. Xatırladım ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insanın yaşaması, çalışması və təhsil alması, bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsaitin ayrılması, 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması ilə bağlı açıqlanan rəqəmlər yeni məlumatlardır. Düşünürəm ki, prosesləri mediada izləyən və şərh edənlərin də böyük hissəsi bu rəqəmləri ilk dəfə eşitdi.
Böyük Qayıdışın növbəti mərhələsinin daha sürətli gedəcəyini düşünürəm. Birinci Dövlət Proqramı dövründə əsas infrastrukturun böyük hissəsi yaradılıb, eyni zamanda, azad edilmiş ərazilərin idarə olunması üzrə ciddi praktiki təcrübə toplanıb. Xüsusi nümayəndəliklərin fəaliyyəti, qurumlararası koordinasiya, minatəmizləmə, tikinti və məskunlaşmanın təşkili mexanizmləri artıq daha oturuşmuş sistem üzrə işləyir.
Bu baxımdan, Böyük Qayıdışa dair II Dövlət Proqramı dövründə həm məskunlaşmanın, həm də həmin ərazilərdə iqtisadi fəaliyyətin daha sürətli genişlənəcəyini düşünürəm.