Riman fərziyyəsi nədir və sübut olundumu? │ VİDEO

24.11.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əgər doğrudan da belədirsə, bu çox böyük hadisədir. Çünki bir çox müasir riyazi teoremlər bu fərziyyənin doğru olduğu qəbul edilərək qurulub. Şəxsən mən elmi-populyar kitablarda bu ifadəyə dəfələrlə rast gəlmişəm: “Əgər Riman fərziyyəsi doğrudursa, onda...”
Yəni Riman fərziyyəsi sübut olunarsa, yüzlərlə digər nəzəriyyə də avtomatik təsdiqlənmiş olacaq.
Yaxşı, bəs nədir bu Riman fərziyyəsi? Nədən ibarətdir?


Sadə ədələrin nə olduğunu hamımız bilirik - bunlar ancaq özünə və 1-ə bölünən ədədlərdir: 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29... İndi isə sual: bu ədədlər ədəd oxunun üzərinə necə gəldi, nizamsız səpələniblər, yoxsa onların düzülüşündə hər halda, bir qayda var?
Alman riyaziyyatçı Bernhard Riman (yeri gəlmişkən, bu il onun anadan olmasından 200 il keçir) 1859-cu ildə deyir ki, sadə ədədlər heç də təsadüfi səpələnməyiblər. Onların düzülüşündə bir qanunauyğunluq var.
Koordinat oxunda sağa doğru gedək, və hər dəfə sadə ədədə rast gələndə bir vahid yuxarı qalxaq. Nəticədə pilləkənə bənzəyən trayektoriya yaranacaq. Bu pilləkənə baxanda məsələn, görürük ki, 1 ilə 50-nin arasında 15 dənə sadə ədəd var və onlar necə düzülüblər.

Amma bizə 1-dən milyona qədər sadə ədədlərin sayını və necə düzüldüyünü bilmək lazımdırsa, onda necə edək? Pilləkəni buradan Naxçıvana qədərmi uzadaq?
Ondansa qrafikə loqarifmik əyri əlavə edək:

Bu əyri bizə təxmini göstərir ki, x oxunda milyona çatanda y oxunda təqribən harada olacağıq. Təqribiliyi azaltmaq üçün Riman “zeta funksiyası” adlı riyazi alət yaradır və qrafikə əlavə edir.
Hər dəfə zeta funksiyası sıfıra bərabər olanda bayaqkı loqarifmik əyrimiz pilləkənin müvafiq küncünə yaxınlaşır. Ümumilikdə nə qədər çox sıfır nöqtəsi tapsaq, loqarifmik əyri pilləkənin formasını bir o qədər dəqiqliklə təkrarlayacaq. Nəticədə biz hətta hesablaya bilərik ki, məsələn, 1 ilə trilyonun arasında neçə sadə ədəd var və onlar hansı qayda ilə düzülüblər.

Amma ən vacibi bundan sonra başlayır. Çünki bura qədər hələ fərziyyə yoxdur, hamısı faktlardır. Bəs fərziyyə nədən ibarətdir?
Zeta-funksiyanın sıfıra bərabər olduğu nöqtələrin hər biri (a + bi) şəklində bir kompleks ədədlə ifadə olunur. Burada i-xəyali vahiddir. Yəni kvadratı -1-ə bərabər olan ədəd. “a” isə kompleks ədədin “həqiqi hissəsi” adlanır. Riman deyir ki, baxın, a+bi kompleks ədədindəki bu a, yəni həqiqi hissə həmişə 0.5-ə bərabərdir. Həmişə!
Yəni biz bu kompleks ədədi a+bi yox, elə birdəfəlik 0.5+bi şəklində yaza bilərik.
Amma bunu, yəni a-nın həmişə 0.5 olduğunu sübut eləmək lazımdır. Edildimi? Deyilənə görə hə, amma bu şəkildə edilməsə, daha yaxşı idi. Çünki riyaziyyatda 250.000 səhifəlik sübut olmur. Bu sübut hətta doğrudursa belə, buna heç kim heç vaxt şəxsən əmin ola bilməyəcək.
Mənə görə, məslə açıq qalır və onu həll edəcək dahini gözləyir.
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью