Riyazi bacarıqlara nə təsir edir? ARAŞDIRMA

14.10.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İnsanların riyaziyyatı mənimsəmək və hesablamalar aparmaq qabiliyyəti təkcə analitik düşüncə ilə bağlı deyil. Alimlər müəyyən ediblər ki, məntiqi təfəkkür, dil bacarıqları və rəqəmlər arasındakı əlaqələri intuitiv şəkildə anlamaq da riyazi uğurlarda mühüm rol oynayır.

Redaktor.az xəbər verir ki, bu nəticəyə ABŞ-nin Texas A&M Universitetinin tədqiqatçıları gəliblər. 122 testin nəticələrini əhatə edən genişmiqyaslı təhlilin nəticələri “Journal of Intelligence” jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər iki əsas bacarığa diqqət yetiriblər. Bunlardan birincisi əvvəlki təcrübəyə əsaslanmadan qanunauyğunluqları müəyyənləşdirmək və nəticə çıxarmaq qabiliyyətidir. İkincisi isə mətnləri anlamaq, söz ehtiyatından düzgün istifadə etmək və məlumatları dil vasitəsilə mənimsəmək bacarığıdır. Tədqiqatçıların fikrincə, bu iki xüsusiyyət insanın riyazi qabiliyyətlərini müəyyənləşdirmək üçün ən etibarlı göstəricilər sırasındadır.

Bununla yanaşı, rəqəmlər haqqında ilkin təsəvvürlər də ümumi intellekt səviyyəsi qədər əhəmiyyətlidir. Rəqəmlər arasındakı nisbətləri intuitiv şəkildə hiss etmək və onların bir-biri ilə əlaqəsini anlamaq daha mürəkkəb riyazi biliklərin mənimsənilməsi üçün əsas yaradır.

Məsələn, körpə hələ saymağı və danışmağı bacarmasa da, 16 nöqtədən ibarət qrupun 8 nöqtədən ibarət qrupdan daha böyük olduğunu ayırd edə bilər. Alimlər bunu rəqəmlərin intuitiv qavranılması ilə əlaqələndirirlər.

Tədqiqatın müəlliflərindən biri, təhsil psixologiyası üzrə dosent Daniel Haylovskinin sözlərinə görə, müxtəlif zehni tapşırıqların nəticələri arasında müsbət əlaqə mövcuddur. Belə ki, insanın vizual tapmacaları həll etmək bacarığı onun söz ehtiyatının inkişafı ilə də bağlı ola bilər. Bunun səbəbi hər iki fəaliyyətin ortaq düşüncə mexanizmlərinə əsaslanmasıdır.

Uzun müddət təhsil sahəsində riyaziyyatın yalnız analitik düşüncə tələb etdiyi və humanitar bacarıqlardan ayrı olduğu düşünülüb. Yeni araşdırma isə geniş söz ehtiyatının və mətni diqqətlə oxuyub anlamaq bacarığının mürəkkəb riyazi məsələlərin həllinə kömək etdiyini göstərir.

Alimlər vurğulayırlar ki, intellektual qabiliyyətlər dəyişməz deyil və onları həm dərslər zamanı, həm də gündəlik həyatda məqsədyönlü şəkildə inkişaf etdirmək mümkündür.

Tədqiqatçılar müəllimlərə şagirdlərin buraxdıqları səhvləri daha diqqətlə təhlil etməyi tövsiyə edirlər. Bu yanaşma hesablama zamanı yaranan çətinliklərlə məsələnin məntiqini və şərtini anlamaqda yaşanan problemləri bir-birindən ayırmağa kömək edə bilər.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью