Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oksford Universitetinin professoru Alain Qoryeli hesablamalar apararaq Afinadakı məşhur Parfenon məbədinin əyriliklərinin optik illüziyaları düzəltmək məqsədi daşımadığını müəyyənləşdirib.
Onun hesablamalarına görə, nəzərdə tutulan optik illüziyalar ya ümumiyyətlə, mövcud deyil, ya da insan gözü üçün fərq ediləcək qədər güclü deyil.
Qoryeli əvvəlcə məbədin əsasını araşdırıb. Ölçmələr göstərir ki, stilobatın kənarları hamar qövs formasındadır və mərkəz hissə kənarlardan təxminən 6 santimetr daha yüksəkdir. Əvvəllər bunun bazanın ortadan aşağı əyilmiş kimi görünməsinin qarşısını almaq üçün edildiyi düşünülürdü.
Lakin riyaziyyatçı bu izahı təsdiqləyən kifayət qədər əsas tapa bilməyib.
O, həmçinin sütunlardakı entazisi – gövdənin ortasındakı təxminən 18 millimetrlik nəzərəçarpmaz qabarıqlığı da araşdırıb. Bu xüsusiyyətin sütunların ortadan çox nazik görünməsinin qarşısını almaq və damın ağırlığı altında deformasiyanı azaltmaq üçün yaradıldığı düşünülürdü.
Araşdırma bu izahları da təsdiqləməyib. Hesablamalara görə, müvafiq optik illüziya insan gözü üçün nəzərəçarpacaq deyil. Mərmərin isə əyilməkdənsə, çatlayıb parçalanması daha mümkündür.
Parfenonun optik düzəlişlərlə bağlı bu nəzəriyyəsi eramızdan əvvəl I əsrdə yaşamış Roma memarı Vitruviusa gedib çıxır. O, Parfenonun inşasından təxminən 400 il sonra bu barədə yazıb.
S.ELAY
XQ