Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
İnsanabənzər robotlar uzun müddət elmi fantastikanın və texnologiya sərgilərinin əsas mövzularından biri olub. Lakin son illərdə süni intellektin inkişafı, robotların hərəkət və qərarvermə imkanlarının genişlənməsi bu texnologiyanı real istehsal sahələrinə yaxınlaşdırıb. Artıq müxtəlif şirkətlər insanabənzər robotların hazırlanmasına, istehsalına və kommersiyalaşdırılmasına milyonlarla, hətta milyardlarla dollar sərmayə yatırırlar.
Bu sahəyə maraq yalnız texnologiya şirkətləri ilə məhdudlaşmır. Avtomobil istehsalçıları, logistika müəssisələri və sənaye şirkətləri də insanabənzər robotları öz fəaliyyətlərinə inteqrasiya etməyin yollarını araşdırırlar. Beləliklə, robotların istehsalı ilə yanaşı, onların komponentlərinin hazırlanması, proqram təminatı, texniki xidməti və tətbiqi də yeni biznes istiqamətlərinə çevrilir.
Bazara maraq artır
İnsanabənzər robotlar insan bədəninin quruluşunu təqlid edən, ətraf mühitdə hərəkət etmək və müxtəlif fiziki tapşırıqları yerinə yetirmək üçün hazırlanan maşınlardır. Onların əsas üstünlüyü insanların işləməsi üçün nəzərdə tutulmuş məkanlarda, xüsusi olaraq robotlar üçün qurulmuş istehsal xətlərinə ehtiyac olmadan fəaliyyət göstərə bilmələridir.
Beynəlxalq Robototexnika Federasiyasının (IFR) məlumatlarına əsaslanan 2026-cı ilin sentyabrında dərc edilmiş “Reuters” xəbərinə görə, 2025-ci ildə dünyada sənaye və peşəkar xidmət sahələrində istifadə üçün təxminən 7 min insanabənzər robot satılıb. Bu rəqəm texnologiyanın hələ ilkin kommersiyalaşma mərhələsində olduğunu göstərsə də, investorların və istehsalçıların marağının artdığını ortaya qoyur.
“Bank of America”nın proqnozuna əsasən, insanabənzər robotların tədarük həcmi 2026-cı ildə 90 minə, 2030-cu ildə isə 1,2 milyona çata bilər.
İstehsalçılar arasında rəqabət
İnsanabənzər robot bazarında ABŞ və Çin şirkətləri əsas rəqabət iştirakçıları arasındadır. ABŞ-da “Tesla”nın “Optimus”, “Figure AI” şirkətinin “Figure”, “Boston Dynamics”in “Atlas” və “Agility Robotics”in “Digit” modelləri diqqət çəkir. Çin bazarında isə “Unitree Robotics”, “AgiBot” və “UBTECH” kimi şirkətlər istehsal imkanlarını genişləndirirlər.
Bu şirkətlərin biznes strategiyaları da fərqlənir. Bəziləri robotları öz istehsal müəssisələrində istifadə etməyi, digərləri isə onları digər şirkətlərə sataraq ayrıca gəlir mənbəyi yaratmağı hədəfləyir.
Məsələn, “Tesla” insanabənzər robotları öz fabriklərində istifadə etmək və gələcəkdə xarici müştərilərə təqdim etmək istiqamətində çalışır. Şirkətin “Optimus” layihəsi bu strategiyanın əsas hissəsidir.
“Figure AI” isə sənaye müəssisələrində istifadə oluna biləcək robotlar hazırlayır. Şirkətin “BMW” ilə əməkdaşlığı bu sahənin kommersiya potensialını göstərən nümunələrdəndir.
Fabriklərdə robot işçilər
İnsanabənzər robotların tətbiqi üçün ən perspektivli istiqamətlərdən biri sənaye istehsalıdır. Fabriklərdə təkrarlanan, fiziki güc tələb edən və müəyyən dəqiqliklə yerinə yetirilməli olan tapşırıqlar robotlara həvalə edilə bilər.
“BMW” 2025-ci ildə ABŞ-ın Spartanburq zavodunda “Figure AI” şirkətinin “Figure 02” robotunu sınaqdan keçirib. Şirkətin məlumatına görə, robot 10 ay ərzində 30 mindən çox avtomobilin istehsal prosesinə dəstək verib, 90 mindən çox komponenti hərəkət etdirib və təxminən 1 250 saat işləyib.
2026-cı ildə isə “BMW” Almaniyanın Leypsiq zavodunda “Hexagon Robotics” tərəfindən hazırlanan “AEON” robotunun sınaqlarına başlayıb. Robotun batareya istehsalı və avtomobil komponentlərinin hazırlanması proseslərində istifadəsi nəzərdə tutulur.
Bu nümunələr göstərir ki, istehsalçılar artıq robotların yalnız nümayiş imkanlarını deyil, real iş proseslərində nə qədər səmərəli ola biləcəyini də qiymətləndirirlər.
Yeni biznes imkanları
İnsanabənzər robotların istehsalının genişlənməsi yalnız hazır robot hazırlayan şirkətlər üçün deyil, onların təchizatçıları üçün də yeni bazar yaradır.
Belə robotların hazırlanması üçün xüsusi mühərriklər, hərəkət mexanizmləri, sensorlar, kameralar, batareyalar və süni intellekt sistemləri tələb olunur. Bu komponentləri istehsal edən şirkətlər robototexnika sektorunun böyüməsindən gəlir əldə edə bilərlər.
“Reuters”in 12 noyabr 2026-cı il tarixli məlumatına görə, “J.P. Morgan” insanabənzər robotların istehsalında istifadə olunan əsas komponentlərin, o cümlədən mühərriklərin, hərəkət mexanizmlərinin və görüntü sistemlərinin bazarının 2035-ci ilədək 30 milyard dollara yaxınlaşacağını gözləyir.
Bununla yanaşı, robotların hazırlanması ilə bağlı proqram təminatı, texniki xidmət, ehtiyat hissələrinin satışı və müəssisələrə inteqrasiya xidmətləri də ayrıca biznes istiqamətləri yarada bilər.
Beləliklə, gələcəkdə bu bazarda yalnız robot istehsalçıları deyil, onların texnoloji infrastrukturunu təmin edən şirkətlər də mühüm iqtisadi iştirakçılara çevrilə bilər.
İnkişafın qarşısındakı maneələr
Bütün potensiala baxmayaraq, insanabənzər robotların kütləvi istifadəsinə keçid hələ bir sıra problemlərlə müşayiət olunur. Onların istehsalı bahalıdır, mürəkkəb hərəkətləri yerinə yetirməsi üçün daha təkmil süni intellekt sistemlərinə ehtiyac var. Bundan başqa, robotların təhlükəsizliyi, enerji sərfiyyatı, texniki xidməti və müxtəlif iş şəraitinə uyğunlaşması da həllini gözləyən məsələlərdəndir.
Digər tərəfdən, robotun müəyyən tapşırığı nümayiş etdirməsi ilə onu hər gün fasiləsiz və iqtisadi cəhətdən səmərəli şəkildə yerinə yetirməsi eyni deyil. Şirkətlər üçün əsas məsələ robotun qiymətinin, texniki xidmət xərclərinin və məhsuldarlığının insan əməyinə alternativ kimi nə dərəcədə sərfəli olmasıdır.
İnsanabənzər robotların istehsalı hələ formalaşmaqda olan biznes sahəsidir. Onun gələcək inkişafı texnologiyanın nə qədər sürətlə təkmilləşməsindən və müəssisələrin bu robotlardan real iqtisadi fayda əldə edə bilməsindən asılı olacaq.