Robot texnologiyalarında yeni mərhələ: əsas hədəf maşınlara düşünməyi öyrətməkdir

02.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Süni intellekt və robot texnologiyaları sahəsində rəqabət yeni mərhələyə qədəm qoyur. İndiyədək əsas diqqət insana bənzər robotların fiziki imkanlarının artırılmasına, onların yeriməsi, qaçması və müxtəlif hərəkətləri yerinə yetirməsinə yönəlirdisə, indi tədqiqatçılar daha mürəkkəb vəzifənin həllinə çalışırlar: robotlara ətraf mühiti anlamaq, yeni tapşırıqları öyrənmək və dəyişən şəraitə uyğun qərarlar vermək bacarığı qazandırmaq.

Reuters-in Pekindən hazırladığı materialda bildirilir ki, Çində fəaliyyət göstərən texnologiya şirkətləri bu istiqamətdə böyük investisiyalar yatırır. Məlumata görə, 2026-cı ilin ilk yarısında Çinin təcəssüm olunmuş süni intellekt (embodied AI) sektorunda 322 investisiya sövdələşməsi üzrə 93,5 milyard yuan, başqa sözlə, təxminən 13 milyard dollar vəsait cəlb edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur.

Təcəssüm olunmuş süni intellekt robotlara yalnız əvvəlcədən proqramlaşdırılmış əmrləri icra etməyə deyil, fiziki mühitlə qarşılıqlı əlaqə qurmağa, əşyaları tanımağa, hərəkətlərinin nəticəsini qiymətləndirməyə və yeni tapşırıqlara uyğunlaşmağa imkan verən texnologiyadır. Bu sahədə əsas məqsəd robotun hər bir işi ayrıca proqramlaşdırılmadan öyrənə bilməsidir.

Araşdırmada diqqətçəkən nümunələrdən biri ABŞ-ın Generalist şirkətinin hazırladığı GEN-1.5 modelidir. Şirkətin məlumatına görə, model cəmi üç-on iki saniyəlik nümayişdən sonra sadə tapşırıqların təxminən 60 faizini yerinə yetirə bilib. Çinin X Square şirkəti isə robotların bir insanın hərəkətlərini əks etdirən videoya baxmaqla bəzi əşyaları idarəetmə bacarıqlarını öyrənə bildiyini göstərən tədqiqatlar yayımlayıb.

Robotların öyrədilməsi üçün müxtəlif üsullardan istifadə olunur. Bəzi şirkətlər insanların gündəlik və istehsalat fəaliyyətlərini videoya çəkir, digərləri xüsusi sensorlarla hərəkətləri və tutma qüvvəsini qeydə alır, bir qismi isə kompüter simulyasiyalarından yararlanır. Ant Group-un robototexnika bölməsi Robbyant öz modelinin hazırlanmasında 160 min saatlıq materialdan istifadə etdiyini, bunun 50 min saatının insanın idarə etdiyi robot hərəkətlərindən ibarət olduğunu bildirib.

Bu texnologiyaların tətbiqi artıq müəyyən istehsalat sahələrində sınaqdan keçirilir. Reuters-in məlumatına görə, CATL şirkətinin istehsalat müəssisəsində Spirit AI robotları batareya bloklarının yoxlanılması zamanı çevik naqillərin birləşdirilməsi işində sınaqdan keçirilib. Şirkət həmin əməliyyatlarda 99 faizdən yüksək uğur göstəricisi əldə edildiyini bildirib. Robbyant isə Şanxaydakı iki aptekdə sifarişlərin hazırlanması prosesində robotlardan istifadə olunduğunu açıqlayıb.

Bununla belə, mütəxəssislər robotların müxtəlif və əvvəlcədən tanımadıqları mühitlərdə etibarlı işləməsi üçün hələ ciddi texnoloji problemlərin həll edilməli olduğunu vurğulayırlar. Kompüter simulyasiyaları real fiziki şəraiti tam əks etdirmir, toplanan məlumatların keyfiyyəti isə robotların öyrənmə qabiliyyətinə birbaşa təsir göstərir. Buna görə də nümayişlərdə uğurlu nəticə əldə edilməsi bu texnologiyaların yaxın zamanda bütün sahələrdə geniş tətbiq olunacağı anlamına gəlmir.

Mövcud inkişaf göstərir ki, gələcəyin robot texnologiyalarında əsas üstünlük yalnız mexaniki güc və sürətlə deyil, öyrənmək, uyğunlaşmaq və müstəqil qərar vermək qabiliyyəti ilə müəyyənləşəcək. Sənaye istehsalından logistika və xidmət sektorunadək geniş tətbiq imkanları vəd edən bu istiqamət insan əməyinin təşkili və istehsalat proseslərinin avtomatlaşdırılmasında mühüm dəyişikliklərə yol aça bilər.

N.Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью