Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? Həkim AÇIQLADI

23.01.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda səhiyyə sahəsi sürətlə inkişaf edir. Müasir texnologiyaların tətbiqi, beynəlxalq standartlara uyğun tibb müəssisələrinin fəaliyyətə başlaması və peşəkar kadrların hazırlanması ölkədə tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu inkişaflar sırasında robotik cərrahiyyə əməliyyatlarının ölkəmizdə həyata keçirilməsi xüsusi yer tutur.

Avtosfer.az xəbər verir ki, ölkədə bu sahədə ilk addımlar artıq atılıb. Milli Onkologiya Mərkəzində Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş “Medbot” robotik cərrahiyyə sistemi quraşdırılıb və burada ilk əməliyyatlar uğurla həyata keçirilib. Ötən gün isə Yeni Klinikada da ilk dəfə robotik cərrahiyyə əməliyyatları icra olunub.

Robotik əməliyyatlar tibb müəssisələri üçün yeni imkanlar yaratsa da, bir sıra önəmli sualları və riskləri ortaya çıxarır. Robotik əməliyyatların klassik üsullarla müqayisədə hansı hallarda daha riskli olduğu sual altındadır. 

Məsələ ilə bağlı cərrah Eldar Əhmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, əgər bir xəstə üçün laparoskopik, yəni klassik üsullarla edilən əməliyyat risk daşıyırsa, robotik əməliyyatda da onun üçün risk var:
"Robotik əməliyyatlar da klassik açıq əməliyyatlar və laparoskopik əməliyyatlar kimi, müəyyən xəstələr üçün risk daşıya bilər. Məsələn, ürək və ağciyər problemi olan xəstələrdə risk yüksəkdir. Robotik əməliyyat zamanı da laparoskopik əməliyyatda olduğu kimi qarın boşluğuna karbon dioksid qazı verilir. Bu qaz qarında müəyyən təzyiq yaratdığı üçün ürək və ağciyər problemi olan xəstələrdə sıxıntı yarada bilər".
Cərrahın sözlərinə görə, bu yenilik xüsusən də gənc cərrahlar üçün fürsətdir və onlar üçün robotik əməliyyat sistemini gördükcə, istifadə etdikcə işini daha mükəmməl şəkildə icra edə biləcəklər:
"Gənc cərrahlar praktik təcrübələrinə heç vaxt birbaşa robotik əməliyyatlarla başlamırlar. Yəni, robotik əməliyyatları icra edən cərrah əvvəlcə açıq və laparoskopik əməliyyatları mükəmməl bilməlidir ki, ondan sonra robotik əməliyyatlara keçə bilsin. Başqa sözlə, gənc cərrahlar əvvəl normal əməliyyatlarda təcrübə qazanır. Demək olar ki, bütün robotik əməliyyatlar robot vasitəsilə baş vermir, bunun üçün vaxt və təcrübə lazımdır".

Maraqlıdır, bəs görəsən robotik cərrahi əməliyyatların texniki təhlükələri varmı? Məsələn sistem donarsa və ya cavab verməzsə, bu real təhlükə sayılırmı? Bir saniyəlik texniki gecikmə insan həyatına başa gələ bilərmi? 

Bununla bağlı İnformasiya Təhlükəsizliyi mütəxəssisi Elvin Həsənov deyib ki, robotik cərrahiyyə adi bir kompüter proqramı deyil ki, donsun və ya dayansın: "Bəli, hər texnologiyada olduğu kimi bu cihazlarda da texniki nasazlıq ehtimalı realdır. Amma bu sistemlər məhz ona görə bahalı və mürəkkəb qurulur ki, tək bir xəta insan həyatı ilə nəticələnməsin. Yəni bu cihazlar adi texnoloji avadanlıq deyil, kritik sistemlər sinfinə daxildir və çoxqatlı təhlükəsizlik mexanizmləri ilə işləyir. Sistemdə hər hansı texniki problem yaranarsa, o, ya təhlükəsiz rejimə keçir, ya da cərraha manuel idarəyə dərhal keçmək üçün imkanı verə bilən cihazdır. Lakin bir saniyəlik gecikmə insan həyatına başa gələ bilərmi məsələsinə gəldikdə, burada panika yaradan məqam odur ki, insanlar bunu internetdə video donması kimi təsəvvür edir. Əslində robotik əməliyyatda robot özü qərar vermir, həkim verir. Robot sadəcə həkimin hərəkətini dəqiqliklə icra edən alətdir. Bu sistemlər gecikmə və ya cavab verməmə vəziyyətlərini nəzərə alaraq elə dizayn olunur ki, hərəkət ya dayansın, ya da təhlükəsiz şəkildə stabil vəziyyətdə qalsın. Yəni bir saniyəlik gecikmənin faciəyə çevrilməsi üçün bir yox, bir neçə şey eyni anda səhv getməlidir. Belə ki, ehtiyat mexanizmlər işləməməlidir, prosedurlar hazır olmamalıdır, komanda hazırlıqsız olmalıdır. Əsl risk isə məhz bu zəncirvari hazırlıqsızlıq olduğu zaman yaşana bilər. Robotik cərrahiyyənin təhlükəsizliyi konkret xəstəxananın daxilindəki texniki hazırlıqdan asılıdır. Klinika daxilində fasiləsiz enerji təminatı varmı, UPS və generator sistemi işləkdirmi, avadanlığın servis və kalibrləmə planı varmı, şəbəkə sabitdirmi, kritik sistemlər üçün ehtiyat həllər varmı, 24/7 texniki nəzarət varmı, nasazlıq anında komanda nə edəcəyini bilirmi və s. bunlar vacib nüanslardır".


TƏBİB-dən isə bildirilib ki, robotik cərrahiyyə sistemi yüksək dəqiqlik, təhlükəsizlik və effektivlik standartlarına cavab verən, müasir texnologiyalar əsasında hazırlanan qabaqcıl bir platformadır: 
"Sistem cərrahi koaqulyator və yüksək keyfiyyətli robotik cərrahi əl alətləri ilə təchiz olunub ki, bu da müxtəlif növ əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına geniş imkanlar yaradır. Sisteminin ən mühüm üstünlüklərindən biri onun uzaqdan idarəetmə və beynəlxalq texniki dəstək moduluna malik olmasıdır. Bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini məsələn, kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları joystiklər vasitəsilə dəqiqliklə icra edir. Bu texnologiya əməliyyat zamanı dəqiqliyin artmasına, toxumalara minimal zədələnməyə, pasiyentin daha sürətli bərpasına və ümumilikdə müalicə nəticələrinin yaxşılaşmasına əhəmiyyətli töhfə verir".
Nurcan Babək

Oxunub 68

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью