Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikalı milyarder və “Tesla”, “SpaceX”, “Starlink” şirkətlərinin rəhbəri İlon Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda süni intellekt və robototexnika sahəsində planlarını açıqlayıb. Mask bildirib ki, “Tesla”nın insanabənzər robotu “Optimus” artıq zavodlarda sadə tapşırıqları yerinə yetirir və 2026-cı ilin sonuna qədər ictimaiyyətə satışa çıxacaq.
Maskın proqnozuna görə, gələcəkdə robotların sayı insanları üstələyəcək, bu isə mal və xidmət bolluğu yaradaraq qlobal yoxsulluğu azalda bilər. O, süni intellektin sürətlə inkişaf edəcəyini, yaxın illərdə insan zəkasını geridə qoyacağını və robotların təhlükəsizliyi təmin olunduqdan sonra kütləvi satışların genişlənəcəyini vurğulayıb.
Gununsesi.info bildirir ki, deputat Tural Gəncəliyev məsələyə münasibətində qeyd edib ki, yaxın gələcəkdə robotların təhsildə, kənd təsərrüfatında, istehsalatda və demək olar ki, hər sahədə fəaliyyət göstərəcəyi gözlənilir.
“Lakin bu inkişafla yanaşı, qarşıya çıxan çağırışları və problemləri də nəzərə almaq vacibdir. Robotlar işimizi asanlaşdırsa da, kiber təhlükəsizlik və ümumi təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılmalıdır.
Hesab edirəm ki, buna hazırlıqlı olmalıyıq, amma eyni zamanda dünya tendensiyalarından geri qalmamalıyıq. İşsizlik və məşğulluq məsələləri ilə bağlı ciddi müzakirələr aparmaq zəruridir. İnsan əməyinin böyük bir hissəsini artıq robotlar öz üzərlərinə götürür. Məsələn, ABŞ-da pilotsuz avtomobillərin geniş istifadəsi sürücü peşəsinin demək olar ki, keçmişdə qalması ilə nəticələnib. Bu isə göstərir ki, gələcəkdə bəzi peşələr tamamilə dəyişəcək və insanlar üçün yeni bacarıqlar vacib olacaq”.
Şəbnəm Rəhimova