Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı milyarder və sahibkar İlon Mask yaxın gələcəkdə dünyanın milyardlarla insanabənzər robota ev sahibliyi edəcəyini bildirib.
Yeniavaz.com xəbr verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda qeyd edib.
Sahibkar həmçinin qeyd edib ki, insanabənzər robotların sayı insanların sayından çox olacaq və hər kəs ən azı bir belə androidə sahib olacaq.
Onun sözlərinə görə, bu robotlar ev işlərində kömək edə, uşaqlara və ev heyvanlarına baxa və digər ehtiyacları ödəyə biləcəklər.
Mask həmçinin, insanlığa qarşı üsyan edən süni intellektdən bəhs edərək, robot texnikası ilə son dərəcə ehtiyatlı olmaq lazım gəldiyini bildirib.
Amerikalı milyarder süni intellektin 2030-2031-ci illərdə insanlardan daha ağıllı olacağını da istisna etməyib.
“Düşünürəm ki, bu ilin sonuna qədər insandan daha ağıllı süni intellekt meydana çıxacaq - daha dəqiq desək, gələn ildən gec olmayaraq. Və təxminən beş il ərzində, 2030-2031-ci illərdə süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq”, - deyə o bildirib.
Milyarder yekun olaraq bildirib ki, həyat və şüur inanılmaz dərəcədə nadir hadisələrdir.
“Bəlkə də bütün kosmosda tək biz varıq. Əgər bu doğrudursa, şüur işığının heç vaxt sönməməsi üçün əlimizdən gələni etməliyik”, - Mask əlavə edib.