Rok musiqiçisi Samir Əhmədov: Qara Qarayevin sayəsində Azərbaycan musiqisinin həqiqi gözəlliyini və koloritini dərk etdim

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 fevral, Anara Axundova, AZƏRTAC

2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunacaq.

Bu münasibətlə AZƏRTAC gənc, müxtəlif janrlarda və istiqamətlərdə fəaliyyət göstərən musiqiçilər ilə söhbətlər silsiləsini təqdim edir.

Rok musiqiçisi, “Rumors” və BirManatBand” qruplarının gitaraçısı Samir Əhmədov Qara Qarayevin yaradıcılığının ona göstərdiyi təsir barədə fikirlərini bölüşüb:

“Qara Qarayev məni klassik musiqi formaları ilə sintezdə təqdim olunan Azərbaycan musiqisinin həqiqi gözəlliyi və koloriti ilə tanış edən bəstəkardır.

Mənim üçün Qara Qarayevin unikallığı təkcə bəstəkarın üslubunda deyil, həm də düşüncə prosesində Şərq və Qərb musiqisinin sintezindədir. Bir vaxtlar muğamın müxtəlif alətlərdə necə ifa oluna biləcəyi ilə maraqlanırdım və dürüst desəm, kamera və ya simfonik orkestrin muğamın və digər xalq musiqisi çalarlarının gözəlliyini necə çatdırması məni çox təsirləndirdi.

Müxtəlif klassik musiqiləri nəzərə alsaq, fərqli musiqi formalarının inkişafını aydın şəkildə müşahidə edə və başa düşə, yeni trendlərin və gələcəkdə janrların yaranmasını izləyə bilərik. Bu gün də ən böyük bəstəkarların bütün musiqilərə təsirini görmək mümkündür. Bu təsir daha ağır və daha ekstremal janrlara da şamil edilib. Musiqi, əsasən, bir-biri ilə əlaqəli olduğundan, inanıram ki, klassik musiqi müxtəlif musiqiçilər, xüsusən də gənc nəsil üçün çox maraqlı və faydalı ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью