Rok musiqimizin bilinməyən səhifəsi

12.08.2026

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəqin, bu adı eşidəndə çoxları çiyinlərini çəkəcək: "TAC? O hansı qrupdur? Hansı mahnıları var?" Gəlin, rok tariximizin bu səhifəsinə birlikdə boylanaq.
"TAC" rok qrupu 1990-cı ildə Bakıda yaradılıb. Qrupun yaradılması müğənni, "Bakı payızı-88" festivalının ulduzlarından biri Xana Qalsanovanın təşəbbüsü ilə baş tutmuşdu. O həmin illərdə çox məşhur olan "Karvan" qrupundan ayrıldıqdan sonra yeni musiqi kollektivi qurmaq fikrinə düşür və qrupa rəhbərlik etməyi bəstəkar Eldar Mansurov a təklif edir.
Böyük dayaq
- Vaxtım çox az olduğu üçün qrupun gündəlik fəaliyyətinə birbaşa rəhbərlik etməyin məsuliyyətini üzərimə götürmək istəmədim,- deyə Eldar Mansurov "AzVision"a bildirib.- Amma belə razılaşdıq ki, "TAC"ln bədii rəhbəri mən olacağam.
Bədii rəhbər kimi Eldar Mansurov həm qrupun repertuarl üçün mahnılar bəstələyir, həm də kollektivin televiziya, radio və digər kütləvi informasiya vasitələrində tanıdılmasına, indiki dil ilə desək, "promouşn"una kömək edirdi. Bu dəstək qısa zamanda nəticəsini göstərir.
TAC kimin başında idi
Qrupun adını musiqiçi Vidadi Mirzəyev təklif etmişdi. İlk heyətdə Xana Qalsanovanın özü, Yaşar Baxış, Vidadi Mirzəyev, Marina Zaxarova, Zaur Abdullayev və Pavel Bulak var idilər.
Müxtəlif zamanlarda kollektivin tərkibində Cəsur Nemətov, Samir Bağırov kimi müğənnilər də çıxış ediblər.
Yaşar Baxış həm də qrupun əsas aranjımançısı idi.
İlk uğurlar
Qısa müddət ərzində qrup bir çox konsert və festivallarda çıxış etməklə adını geniş dinləyici kütləsinə tanıtdıra bilir. Onların arasında 1991-ci ildə Bakıda, Respublika stadionunda keçirilən "İntergeo Tetis" beynəlxalq musiqi festivalını xüsusi qeyd etmək lazımdır. Postsovet məkanında miqyası və təşkilatçılığı ilə fərqlənən bu tədbir dövrün tanınmış musiqiçilərini və ifaçılarını bir araya gətirmişdi.
Həmçinin 1991-ci ildə keçirilən beynəlxalq elmi simpoziumun bağlanış mərasimində TAC qrupu konsert proqramı ilə çıxış etmişdi. Bu fakt artıq qrupun ciddi qəbul olunmasının göstəricisi idi.
"TAC" həmçinin "Yaşıl teatr"ın səhnəsində də musiqisevərlərlə görüşüb.
Mahnılar susmur
Eldar Mansurov qrup üçün bir sıra mahnılar bəstələmiş, həmçinin bəstəkarı olduğu "Bəxt üzüyü", "Müqəddəs oda yanaram" və "Hökm" filmlərinin musiqisinin yazılışına '''TAC''' qrupunu cəlb etmişdi.
Təəssüf ki, 1991-ci ildə kollektiv fəaliyyətini dayandırır. "TAC" qrupunun ömrü qısa olsa da, 1990-cı illərin əvvəllərində yaranmış unikal kollektivlərdən biri kimi Azərbaycanda rok musiqisinin inkişafına danılmaz xidməti olmuşdu.
Samir Quliyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью