Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
İtaliya Azərbaycanın regional rolunu Avropanın gündəliyinə gətirir
İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin noyabrın 23-də Bakıya səfəri Azərbaycan-İtaliya strateji tərəfdaşlığının siyasi məzmununu və qarşılıqlı etimad səviyyəsini nümayiş etdirir.
Prezident İlham Əliyevin Antonio Tayanini qəbul etməsi iki ölkə arasında münasibətlərin əsas istiqamətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşü sıradan diplomatik təmas kimi qiymətləndirmək olmaz. Avropada təhlükəsizlik çağırışlarının artdığı, beynəlxalq münasibətlər sistemində yeni siyasi və iqtisadi reallıqların formalaşdığı bir vaxtda Roma Cənubi Qafqazla əlaqələrində Bakı ilə əməkdaşlığa xüsusi önəm verir. İki paytaxt arasında formalaşmış siyasi dialoq Avropa ilə Avrasiya məkanını birləşdirən iqtisadi və nəqliyyat əlaqələrinin, eləcə də regional sabitliyin müzakirəsində mühüm platformaya çevrilib. Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasəti isə Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliya ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişafına geniş imkanlar yaradır.
Son illər iki ölkə rəhbərlərinin intensiv qarşılıqlı səfərləri siyasi münasibətlərə davamlı impuls qazandırıb. Prezident İlham Əliyev görüşdə İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin 2026-cı ilin may ayında Azərbaycana gerçəkləşdirdiyi uğurlu səfərini xatırlatdı. Dövlətimizin başçısı həmin səfər zamanı qarşılıqlı siyasi fəaliyyət və ikitərəfli gündəlik üzrə səmərəli müzakirələrin aparıldığını bildirdi. Ciorcia Meloninin 13 illik fasilədən sonra Bakıya gəlişi Roma üçün rəsmi Bakının daşıdığı prioritet statusu təsdiqlədi. İtaliya Prezidenti Sercio Mattarellanın 2025-ci ildə Azərbaycana səfəri və İlham Əliyevin İtaliyaya səfərləri yüksək səviyyəli siyasi koordinasiyanı rəsmiləşdirdi.
İkitərəfli münasibətlərin hüquqi-siyasi əsasını 2020-ci ilin fevralında Romada imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında Ortaq Bəyannamə təşkil edir. Prezident İlham Əliyev Antonio Tayani ilə görüşündə bu sənədin əhəmiyyətinə toxunaraq, Azərbaycan və İtaliya arasında möhkəm tərəfdaşlığın formalaşdığını, dostluq əlaqələrinin ardıcıl şəkildə inkişaf etdiyini vurğuladı. Bəyannamə tərəflərin dövlət suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətini təsbit edən mühüm siyasi-hüquqi sənəddir. İtaliya Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəklə Avropada ölkəmizin suverenliyinə hörmət və postmünaqişə reallıqlarının nəzərə alınması prinsipini ardıcıl müdafiə edən tərəfdaşlardan biri kimi çıxış edir. Bu mövqe iki ölkə arasındakı siyasi etimadın möhkəmlənməsinə və strateji tərəfdaşlığın daha geniş məzmun qazanmasına zəmin yaradır.
Antonio Tayaninin Bakı görüşündə İtaliyanın Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bəyan etməsi mühüm geosiyasi əhəmiyyət daşıyır. Son illər Aİ daxilində bəzi dairələr, xüsusən Fransa Azərbaycana qarşı birtərəfli qətnamələr qəbul etdirməyə çalışırdı. Roma isə Brüsselin Cənubi Qafqaz siyasətində praqmatik tarazlığı təmsil edir. İtaliya hökuməti Brüssel ilə Bakı arasında yeni çərçivə sazişi üzrə danışıqların sürətləndirilməsini dəstəkləyir. Roma Avropa institutlarının Cənubi Qafqaza münasibətdə qərəzsiz mövqe tutması üçün diplomatik səylər göstərir. İtaliya diplomatiyası anlayır ki, Avropanın təhlükəsizlik maraqları Azərbaycanla əməkdaşlığın genişləndirilməsini tələb edir. Tayaninin verdiyi siyasi mesaj İtaliyanın Aİ institutları daxilində Azərbaycanın etibarlı tərəfdaşı kimi çıxış etmək niyyətini təsdiqləyir.
Görüşdə diqqət çəkən əsas məqamlardan digəri İtaliyanın Azərbaycan-NATO münasibətlərinin inkişafına dəstək verməyə hazır olması barədə bəyanatdır. NATO-nun aparıcı üzvlərindən sayılan İtaliyanın mövqeyi Azərbaycanın Avroatlantik təhlükəsizlik strukturları ilə dialoqunun dərinləşməsinə xidmət göstərir. Azərbaycan uzun illərdir Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində beynəlxalq sülhməramlı missiyalara və qlobal təhlükəsizliyə töhfə verir. İtaliya Şimali Atlantika Alyansı daxilində Azərbaycanın regional təhlükəsizlik rolunu obyektiv şəkildə müdafiə edir. İki ölkə arasındakı təmaslar Avroatlantik məkanın şərq hüdudlarında sabitliyin qorunmasına xidmət göstərir.
***
Bakıya səfəri çərçivəsində İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında geniş tərkibdə görüş keçirildi. Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin möhkəm təməl üzərində qurulduğu və dinamik inkişaf etdiyi vurğulandı. Antonio Tayani iki ölkə arasında əməkdaşlığın geniş hüquqi bazaya malik olduğunu diqqətə çatdıraraq, indiyədək Azərbaycanla İtaliya arasında 65 sənədin imzalandığını bildirdi. Ceyhun Bayramov 2027-ci ildə diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayaraq, bu tarixin ikitərəfli münasibətlər baxımından əhəmiyyətini qeyd etdi. Antonio Tayani gələn ilin əvvəlində də qarşılıqlı səfərlərin və görüşlərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirdi.
Müzakirələr zamanı regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Cənubi Qafqazda əməkdaşlığın perspektivləri də diqqət mərkəzində oldu. İtaliyanın xarici işlər naziri Azərbaycanın regional sabitliyin qorunması və əməkdaşlığın inkişafı baxımından mühüm tərəfdaş olduğunu vurğulayaraq, Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsinin bütövlükdə regionun sabitliyi üçün əhəmiyyətini qeyd etdi. Tərəflər, həmçinin regional kommunikasiya layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi apardılar.
***
İtaliya xarici işlər nazirinin müdafiə sahəsində Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulaması da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən xəbər verir. Müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafı qarşılıqlı etimadın möhkəmlənməsinə, müdafiə sənayesində texnoloji mübadiləyə və təhlükəsizlik maraqlarının uzlaşdırılmasına xidmət edir. Azərbaycan və İtaliya arasında bu sahədə strateji məsləhətləşmələrin aparılması tərəfdaşlığın siyasi dialoqla məhdudlaşmadığını göstərir.
Əməkdaşlığın digər perspektivli istiqaməti kritik xammal sahəsidir. 2026-cı ilin oktyabrında Romada imzalanmış Kritik Xammal Sahəsində Strateji Əməkdaşlıq haqqında Ortaq Bəyannamə tərəfdaşlığın coğrafiyasını genişləndirmək üçün yeni imkanlar açır. Sənəd, o cümlədən Avrasiya və Afrika regionlarında birgə fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsinin aktuallaşdığı bir vaxtda bu əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə rolunu daha da genişləndirir.
Siyasi dialoqun yaratdığı əlverişli mühit iqtisadi əməkdaşlıqda da özünü göstərir. Noyabrın 23-də Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda energetika, tikinti, rəqəmsal texnologiyalar, süni intellekt, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər sahələri təmsil edən 250-dən çox şirkətin iştirakı ikitərəfli iqtisadi əlaqələrin geniş potensialını nümayiş etdirir.
İtaliyanın Azərbaycanın regional təşəbbüslərinə və Avropa ilə əlaqələrinin inkişafına verdiyi əhəmiyyət, eləcə də Bakının beynəlxalq böhranlar zamanı nümayiş etdirdiyi diplomatik məsuliyyət iki ölkə arasında qarşılıqlı etimadın möhkəm əsaslara söykəndiyini göstərir. Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə münasibətlərinin şaxələndirilməsində və Avrasiya məkanında iqtisadi-logistik mövqeyinin genişlənməsində mühüm rol oynayır.
Yusif Şərifzadə
XQ