Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Roma Papası XIV Leo Peruya səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt Limadakı “Las Palmas” aviabazasında xüsusi avtomobili ilə hərəkət edərək ictimaiyyəti salamlayan pontifikin üzünə izdiham arasından atılan əşya dəyib.
Yayılan görüntülərdən məlum olur ki, zərbədən sonra Papa ağrıdan əlini üzünə və gözünə tutsa da, avtomobil dayanmadan hərəkətinə davam edib. Vatikan rəsmiləri hadisə nəticəsində Papa XIV Leonun xəsarət alıb-almadığı barədə hələlik rəsmi məlumat yaymayıblar.
İnsidentə baxmayaraq, pontifik səfər proqramını pozmayıb və insanları salamlamağa davam edib. Bir neçə metr irəlidə o, izdiham arasından ona uzadılan körpəni qucağına alaraq xeyir-dua verib. Daha sonra Papa XIV Leo Cənubi Amerika səfərinin yekununa həsr olunmuş dini ayinə rəhbərlik etmək üçün mehraba qalxıb. Təşkilatçıların məlumatına görə, Limanın Santyaqo-de-Surko rayonundakı “Las Palmas” aviabazasında keçirilən mərasimə yüz minlərlə insan qatılıb.
Qeyd edək ki, əslən ABŞ-dən olan Papa XIV Leo təxminən 20 il Peruda missioner kimi fəaliyyət göstərdiyi üçün bu səfər onun üçün bir növ “evə qayıdış” kimi qiymətləndirilirdi. Limadakı bağlanış ayinindən sonra pontifik Uruqvay, Argentina və Perunu əhatə edən 12 günlük Cənubi Amerika turnesini yekunlaşdırıb.