futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderland çempionatında tura gözlənilməz və unikal hadisə damğasını vurub. “Telstar” öz meydanında “Kambuur”la qarşılaşıb və matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Futbolpress.az xəbər verir ki, görüşü diqqət mərkəzinə çıxaran məqam “Telstar”ın hər iki qolunu qapıçısı Ronald Kumanın vurması olub. Təcrübəli qolkiper matçın 63-cü dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 101-ci dəqiqədə daha bir penaltini qola çevirərək komandasını məğlubiyyətdən xilas edib.
Bu nəticə ilə Kuman Niderland Erediviziyasında bir matçda dubl etməyi bacaran ilk qapıçı kimi adını çempionatın tarixinə yazdırıb.
Qolkiper “Barselona”nın sabiq əfsanəvi futbolçusu və mütəxəssis Ronald Kumanın oğludur. Müdafiəçi mövqeyində oynamasına rəğmən 253 qolla futbol tarixinin rekordçusu olan atasından fərqli olaraq, qapıçı oğlu peşəkar karyerasında vurduğu qolların sayını 3-ə çatdırıb.