Ronaldo, Jesus və böyük qərar

05.10.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ronaldo, Jesus və böyük qərar

Əvvəlcədən deyim ki. Ronaldo Portuqaliya millisindən getməyib. Baş məşqçisi Jorje Jesus ən son açıqlamasında bildirib ki, 41 yaşlı hücumçu istədiyi vaxt milliyə qayıda bilər.

Bəzən komandada ən böyük dəyişiklik yeni transferlə, taktika ilə yox, yeni qərarla başlayır. Jorje Jesusun Ronaldo ilə bağlı verdiyi qərar da hazırda Portuqaliya millisində belə bir məqam yaradıb.

Bəli, Ronaldo kimi futbolçunu ehtiyatda saxlamaq adi məşqçi qərarı deyil. Çünki söhbət sadəcə 41 yaşlı hücumçudan getmir. Söhbət Portuqaliya futbolunun ən böyük simvolundan, milli komandanın 234 oyunla rekordçusundan və 146 qolla tarixinin ən məhsuldar futbolçusundan gedir. 

Amma bəzən Jesus Cristo (İsa Məsih) adlandırılan Jorje Jesus başqa cür düşündü.

Millətlər Liqasının Norveçlə oyununda Ronaldo ehtiyatda qaldı və meydana çıxmadı. Daha sonra onun Danimarka ilə oyunda da start heyətində olmayacağı məlum oldu. Ronaldo isə düşərgəni tərk etdi. 

Bu özü də böyük hadisə idi. Amma bundan sonra baş verənlər məsələni daha da maraqlı etdi.

Niyə?  

Çünki Ronaldo getdi, Portuqaliya isə qələbələr qazandı.

Ronaldo düşərgədən ayrıldıqdan sonra Portuqaliya Danimarka və (4:2) Norveçə (2:1) qalib gəldi.

Beləliklə, Jesusun rəhbərliyi altında Portuqaliya ilk dörd oyunun hamısında qələbə qazandı və qrupda maksimum nəticə ilə 1/4 finala yüksəldi. 

Burada çox vacib bir məqam ortaya çıxır. Portuqaliya Ronaldo olmadan da qazana bilir. Hətta daha yaxşı nəticələr əldə edilir. Portuqaliya mətbuatı da Ronaldonun gedişindən sonra millidə bir birliyin yarandığını yazır. 

Amma bu, Portuqaliyanın Ronaldoya ehtiyacı yoxdur demək deyil. 

Jesusun Ronaldo ilə ədavətinin olduğunu da düşünmürəm. Məncə, onun əsas mesajı odur ki, heç bir futbolçu məşqçinin oyun planından böyük deyil. Hətta Ronaldo da.

Əslində Ronaldo kimi lider meydanda olanda futbolçunun özünün üzərinə böyük məsuliyyət yüklənir. Oynamayanda isə bütün diqqət məşqçinin qərarına yönəlir.

Jesus isə bəzi həmkarları kimi bu qərardan geri çəkilmədi.

Üstəlik, bu, onun Ronaldo ilə bağlı ilk sərt qərarı deyil. Jesus “Əl-Nəsr”də  Ronaldo ilə işləyib və orada da həmyerlisi olan ulduzu toxunulmaz futbolçu kimi təqdim etməyib, dəfələrlə oyunun gedişində əvəzləyib.

Jorje Jesus tək Ronaldo ilə deyil, başqa lider oyunçularla da kəllə-kəlləyə gəlib.  2023-cü ildə Jesus “Əl-Hilal”a baş məşqçi təyin ediləndə Neymar da komandanın ən böyük ulduzlarından biri idi. O vaxt Jesus Neymarın fiziki hazırlığını açıq şəkildə tənqid etmişdi. Daha sonra Jesus Neymarla üz-üzə danışdığını və ona təxminən “sən bitmisən” mənasında çox sərt ifadə işlətdiyini özü xatırladıb. 

Jesus “Benfika”da kapitan Pizzi kimi komandanın liderini də kənarda qoymuşdu. İndi isə fərq ondadır ki, bu dəfə Jesusun qarşısındakı futbolçu sadəcə komandanın liderlərindən biri yox, Portuqaliya futbolunun simvoludur.

Bəs Ronaldo geri qayıdacaq? İndi ən böyük sual budur.

Jesus son açıqlamasında bildirib ki, Ronaldonun qapısını bağlamayıb. Əksinə, onun komandaya qayıda biləcəyini və qərarın Ronaldonun özündən asılı olduğunu bildirib. Portuqaliya Futbol Federasiyası da Ronaldonun milli komandadakı yerinin bağlanmadığını vurğulayıb. 

Əsas məsələ odur ki, bundan sonra Ronaldo qayıdarsa, hansı Ronaldo olacaq? 

Çünki Jesusun qurduğu sistemdə Ronaldo əvvəlki kimi hər oyunun avtomatik start futbolçusu olmaya bilər. Belə də gözlənilir. Ronaldo kimi bir futbolçu üçün bəlkə də ən çətin məsələ məhz budur.

Bəli, Jesusun dediyi kimi, hər şey Ronaldonun özündən asılıdır. Jesus ona hər vəziyyətə hazır olacağını açıq bildirib və futbolçu buna reaksiya olaraq düşərgədən ayrılıb. Portuqaliya millisi isə Ronaldo olmadan iki mühüm qələbə qazanıb. İndi isə Jesus deyir ki, qapı açıqdır.

Deməli, növbəti addım Ronaldodan asılıdır. 

Burada futbol baxımından ən maraqlı sual “Ronaldo oynayacaq, ya yox?” deyil.

Əsas sual budur: Ronaldo əvvəlki statusu ilə qayıdacaq, yoxsa Jorje Jesusun qurduğu sistemdə başqa bir rolu qəbul edəcək? Çünki Portuqaliyanın qarşısında artıq yeni reallıq var. Bu reallıq odur ki, komanda Ronaldosuz da qələbə qazanır.

Təbii ki, Ronaldo hələ də bu komandanın ən böyük simvoludur. Nə qədər “qoca” olsa da.

Nə baş verəcəyindən asılı olmayaraq, Jesus ilk dəfə Portuqaliyada çoxlarının illərdir verməyə çəkinəcəyi sualı meydanda  ortaya qoydu. Sual odur ki, komandanın böyüklüyü bir futbolçunun böyüklüyündən üstün ola bilərmi?

Ronaldo çox böyük futbolçu olduğuna görə onunla bağlı yaşanan münaqişə müzakirələrə hələ də açıqdır. Yəqin ki, başqa hansı futbolçu 41yaşında bunu etsəydi, birmənalı olaraq qınanardı. İndiki halda isə bir çox futbol əfsanəsi Ronaldonu müdafiə edir, bir çoxları isə millidən “üzüsulu” getməli və komandaya hörmət etməli olduğu fikrini səsləndirir.

Amma bir şey artıq dəqiqdir. Jesus Ronaldonun kölgəsində qərar verən məşqçi olmaq istəmir.

İndi isə Ronaldonun qarşısında başqa bir seçim var - həmin qərarın içində yenidən Portuqaliyanın lideri olmaq, yoxsa başqa bir yol seçmək.

Ramiq Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью