Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandada vida matçının keçirilməsi ilə bağlı hazırda danışıqlar aparmır.
Bu barədə Portuqaliyanın "Record” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, federasiya yekun qərarı UEFA Millətlər Liqasının IV turunda Portuqaliya və Norveç yığmaları arasında keçiriləcək qarşılaşmadan sonra verəcək.
Bundan əvvəl "Noticias ao Minuto” portalı Fransanın "L'Equipe” nəşrinə istinadən Portuqaliya Futbol Federasiyasının Ronaldunun milli komandadakı vida matçının təşkili ilə bağlı danışıqlar apardığını bildirmişdi.
Daha əvvəl Ronaldo Millətlər Liqasının qrup mərhələsinin III turunda Danimarka ilə keçirilən və Portuqaliyanın 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib. Hücumçu bu qərarının səbəbləri barədə gələcəkdə danışacağını bildirib. O, Norveçlə II turun oyununda da (2:1) meydana çıxmayıb.
Məlumata görə, Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə Ronaldo ilə görüş keçirəcək və futbolçu ilə milli komandanın baş məşqçisi Jorje Jezuş arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacaqlar.
41 yaşlı Ronaldo beş dəfə Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu qazanıb və iki dəfə Millətlər Liqasının qalibi adını əldə edib. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurulan qolların sayına görə bir sıra rekordlara sahibdir.
Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunda çıxış edir. O, karyerası ərzində Portuqaliyanın "Sportinq”, İngiltərənin "Mançester Yunayted”, İspaniyanın "Real Madrid” və İtaliyanın "Yuventus” klublarının da formasını geyinib.
Futbolçunun karyerasında ümumilikdə 979 qolu var. Bunlardan 146-sını Portuqaliya millisində, 833-nü isə klub səviyyəsində vurub.
///teleqraf///