Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
Avropanın ən böyük limanında, Rotterdamdakı neft emalı zavodunda partlayış baş verib. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Partlayış Rotterdam limanının sənaye sektorunda yerləşən və 105 kvadrat kilometr ərazini əhatə edən “Gunvor Energy” neft emalı zavodunun və yanacaq terminalının (Vladimir Putinin dostu Gennadi Timçenko tərəfindən təsis edilmiş neft ticarəti şirkəti “Gunvor”un törəmə müəssisəsi) ərazisində baş verib.
Şirkətdən bildirilib ki, Rotterdamdakı obyektində baş verən hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Məlumatda qeyd olunub ki, obyektin ətrafı mühasirəyə alınıb və araşdırma başlayıb.
Hollandiya yayımçısı NOS-un məlumatına görə, hadisə baş verən zaman limanın sənaye zonasındakı boru kəmərinin bir hissəsində təmir işləri aparılırmış. Hollandiya hakimiyyəti ilkin məlumatlara görə, partlayışın "sənaye qəzası"nın nəticəsi olduğunu açıqlayıb.
Rotterdamın təcili yardım xidmətləri koordinatorunun sözlərinə görə, cümə axşamı limanın başqa bir hissəsində qeyri-müəyyən şəraitdə transformator da alovlanıb və nəticədə elektrik enerjisinin kəsilməsi baş verib. Bir neçə şirkət fəaliyyətini dayandırıb və işçilərini təxliyə edib. Liman sözçüsü partlayışla elektrik kəsilməsinin bir-biri ilə əlaqəsi olmadığını bildirib.
Təcili yardım xidmətlərinin məlumatına görə, dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil” elektrik kəsintisinə görə Rotterdam neft emalı zavodunu qismən bağlamaq məcburiyyətində qalıb. Digər neft və qaz şirkətlərinin qərargahlarının yerləşdiyi əraziyə elektrik enerjisinin verilməsi bərpa edilib.
Rotterdam terminalı yük dövriyyəsi baxımından dünyanın ən böyük dəniz mərkəzlərindən biridir. Administrasiyanın məlumatına görə, ildə təxminən 428 milyon ton yük emal edir.