Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Azərbaycan ədəbiyyatında məhbəs mövzusuna fərqli baxış təqdim edən yazıçı Rövşən Yerfi növbəti əsəri ilə oxucuları qapalı divarların arxasında gizlənən insan taleləri ilə üz-üzə qoyur.
Qaynarinfo xəbər verir ki, "Ləçər” romanında yazıçı məhkum qadınların faciəli, düşündürücü və sarsıdıcı həyatını ümumiləşdirilmiş obrazlarla təqdim edir.
Milli ədəbiyyatımızda məhbəs mövzusunda bir çox nəsr əsərlərinin müəllifi olan Rövşən Yerfi, cəzaçəkmə müəssisəsində çalışdığı illər ərzində müşahidə etdiyi hadisələri və insan hekayələrini bədii süjet xətti ilə oxucuya çatdırır.
Yazıçının əvvəlki əsəri "Məhbəs” 2024-cü ildə "Mücrü” nəşriyyatı tərəfindən "İlin nəsr kitabı” seçilmiş və Azərbaycan məhbəs nəsrinin önəmli hadisəsi kimi qiymətləndirilmişdi. "Ləçər” isə bu silsilənin növbəti mərhələsi olaraq oxuculara yalnız bir qadının deyil, eyni zamanda cəmiyyətin görünməyən qatlarına və insanın sınma, dirəniş anlarına işıq tutan sərt, vicdanlı bir güzgü təqdim edir.
Romanın əsas mesajı oxucuya yalnız bədən azadlığının deyil, azadlıq həsrəti ilə çırpınan ruhun da məhbəs divarları arasında necə mübarizə apardığını göstərməkdir.