Roza Zərgərlini niyə həzm edə bilmədilər?

01.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Müğənni Roza Zərgərlinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində 51 minlik Bişkek Stadionunda məşhur “İstədim” mahnısını səsləndirməsi ətrafında yaranan müzakirələr sosial şəbəkələrdə yenidən köhnə bir mövzunu qabartdı: cəmiyyətimizdə uğur qazanmış birini alqışlamaq niyə bu qədər çətindir? 

Müzakirələrə yazılan rəyləri oxuyanda insan istər-istəməz düşünür — burada səslənən fikirlər həqiqətənmi sənət üçün deyilir, yoxsa sadəcə zəhməti həzm edə bilməyənlərin iradlarıdır?

Bizdə bir insanın təkbaşına mübarizə apararaq böyük auditoriyalara çıxmasını, risk alıb irəliyə doğru addım atmasını həzm etmək çoxları üçün çətindir. İllərdir formalaşmış stereotiplər ucbatından bir qadın sənətçinin uğurunu dərhal başqa amillərlə bağlamağa, onun zəhmətini sıfırlamağa çalışanlar tapılır.

Uğurun sırf vizual görünüş və ya kənar dəstək vasitəsilə əldə edildiyini iddia edənlər, əslində ortaya qoyulan böyük menecment və PR işini heçə sayırlar.

Əldə olunan nəticəni sadəcə təsadüflərə bağlamaq asan yoldur. Halbuki müxtəlif ölkələrdə dinlənilən bir trend yaratmaq bəxtin deyil, dəqiq hesablanmış strategiyanın nəticəsidir.

Bəziləri isə tənqidlərini "sənət zövqü" və "keyfiyyətli musiqi" pərdəsi altında təqdim etməyə çalışırlar. Əlbəttə, hər bir dinləyicinin zövqü fərqlidir və vokal imkanlarını müzakirə etmək haqqıdır. Lakin xaricdə ölkənin adını təmsil edən, beynəlxalq platformalarda dinlənilən bir ifaçını sadəcə "səsi yoxdur" deyərək tamamilə inkar etmək paxıllığın göstəricisidir.

Öz ölkəsində dəyərləndirilməyən, amma xaricə çıxanda diqqət çəkən ifaçılara qarşı bu cür soyuq və tənqidi yanaşma yeni hal deyil. Başqalarının illərlə edə bilmədiyini qısa müddətdə reallaşdıran birinin görünməsi, təbii ki, müəyyən dairələrdə narahatlıq və qısqanclıq yaradır.

Oturduğu yerdən kimisə tənqid etmək, başqasının zəhmətinə kölgə salmaq asan işdir. Amma ortaya iş qoymaq, böyük səhnələrə çıxmaq cəsarət və fərasət tələb edir. Roza Zərgərliyə qarşı bu gün edilən hücumların böyük bir hissəsi məhz bu cəsarəti və bacarığı qəbul edə bilməyənlər tərəfindən həyata keçirilir. 

Cəmiyyətimizdə uğur qazanana daş atmaq, kölgə salmağa çalışmaq nə ilkdir, nə də son olacaq. Amma unutmayaq ki, sənətçinin uğurunu alqışlamamağımız onun sənətini kiçiltmir; əksinə, aqışlamağımız cəmiyyətimizin mənəvi böyüklüyünü göstərir.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью