Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Rusiya ilə Ukrayna arasında müharibənin əsas mübahisə mövzusu Donbas bölgəsidir. Moskva bu ərazini hərbi yolla ələ keçirməyə çalışır, Kiyev isə ondan imtina etmək istəmir.
Bunu ABŞ-ın dövlət katibi Marko Rubio Hindistanın “India Today” nəşrinə müsahibəsində bildirib. Müsahibə ABŞ Dövlət Departamentinin rəsmi saytında da dərc olunub.
“İnsanlar hələ də bunu Ukraynadakı müharibə adlandırırlar. Əslində isə bu, Donbas uğrunda müharibədir. Söhbət ölkənin bir bölgəsindən gedir”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, mübahisə Ukrayna ərazisinin təxminən 11 faizini əhatə edir. Rusiya bu torpaqları nəzarətə götürmək istəsə də, hərbi yolla buna nail ola bilmir. Ukrayna isə suverenliyi və uzunmüddətli təhlükəsizliyi baxımından həmin ərazilərdən imtina etməyə razı deyil.
Rubio hesab edir ki, müharibənin başa çatması üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir.
“Bu müharibəni döyüş meydanında həll etmək mümkün deyil. Onu yalnız diplomatik yolla başa çatdırmaq olar. Əsas sual budur ki, hər iki tərəfin müəyyən fayda əldə etməklə yanaşı, güzəştlərə də razılaşacağı nəticəyə nail olmaq mümkündürmü?” – deyə dövlət katibi vurğulayıb.
Rubio ABŞ-ın Kiyev və Moskva arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu da açıqlayıb.
O bildirib ki, tərəflərin bir masa arxasına əyləşməsi problemin avtomatik həlli demək deyil, lakin birbaşa dialoq olmadan razılaşma əldə etmək mümkün olmayacaq.
“Bu, çətin prosesdir. Amma tərəflər bir masa arxasına əyləşib danışmasalar, münaqişənin həlli mümkün deyil. Biz vasitəçi rolunu oynamağa hazırıq. Onların eyni otaqda toplaşmasının problemi dərhal həll edəcəyini iddia etmirik. Lakin onları bir araya gətirə bilməsək, problemin həlli üçün heç bir şansımız olmayacaq”, – deyə Rubio qeyd edib.