Icma.az, Saglamolun saytına istinadən bildirir.
Yatmadan təxminən 1–2 saat əvvəl qəbul edilən ilıq duş daha tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək edə bilər. Bu nəticə “Sleep Medicine Reviews” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Texas Universitetinin alimləri onlarla tədqiqatı təhlil edərək müəyyən edib ki, 40–42,5°C temperaturda ilıq duş və ya vanna qəbul etmək bədən temperaturunun təbii şəkildə enməsini sürətləndirir. Bu proses beyinə yuxuya hazırlaşmaq siqnalı göndərir və insanın daha rahat yuxuya getməsinə şərait yaradır.
Araşdırmaya görə, bu vərdiş yuxuya getmə müddətini orta hesabla 10 dəqiqə azaldır. Kyuşu Universitetinin (Yaponiya) alimləri də ev şəraitində apardıqları müşahidələrdə axşam qəbul edilən ilıq vannanın və duşun daha dərin yuxu və səhər daha gümrah oyanmağa müsbət təsir göstərdiyini təsdiqləyib.
Saglamolun.Az