“RUHANİ”: QÜRBƏTDƏ QALAN RUHUN VƏTƏN HARAYI

16.10.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsul Mirhəşimli

Sazın elə havaları var ki, onları dinləmək üçün qulağın eşitməsi kifayət etmir, insanın ruhu da bu səsə hazır olmalıdır. Çünki saz hər zaman musiqi aləti kimi səslənmir, bəzən bir xalqın əsrlər boyu içində gəzdirdiyi nisgili, deyə bilmədiyi sözləri, uzaqlarda qalan yurduna olan sevgisini danışdırır. Onun simlərindən süzülən hər səs insanı öz daxilinə doğru aparır, unudulduğu zənn edilən xatirələri oyadır, bəzən də heç vaxt yaşamadığı bir ayrılığın ağrısını qəlbinə gətirir. Sazın qüdrəti məhz buradadır. O, insanın dilindəki sözlərdən daha dərinə nüfuz edir, könlünün gizli qatlarında yaşayan duyğuları üzə çıxarır. Türk mədəniyyətinin musiqi yaddaşında xüsusi yeri olan “Ruhani” havası isə bu baxımdan yalnız bir musiqi nümunəsi deyil, insan ruhunun azadlıq axtarışını, qürbətin ağırlığını və Vətənə qovuşmaq arzusunu özündə birləşdirən mənəvi bir hekayətdir.

“Ruhani”nin ilk səsləri eşidiləndə insanı adi musiqi dinləmək ovqatı tərk edir. Elə bil hansısa uzaq bir elin yollarından gələn səs qəlbin qapısını döyür. Bu səsin haradan gəldiyini, hansı ayrılığın içindən keçdiyini dəqiq bilməsən belə, onun daşıdığı kədəri hiss edirsən. Bəzən musiqinin yaratdığı təsir üçün sözə ehtiyac qalmır. Çünki söz müəyyən bir fikri ifadə edir, musiqi isə həmin fikrin insanın daxilində yaratdığı hissi yaşadır. “Ruhani” də dinləyicisini məhz belə bir duyğu məkanına aparır. Burada həsrət yalnız kimin üçünsə darıxmaq deyil, insanın öz mənəvi başlanğıcından, doğma torpağından, köklərindən və bəzən də öz həqiqi mənliyindən uzaq düşməsinin ağrısıdır. Bu hava sanki insanın daxilində illərlə susmuş bir səsi oyadır və həmin səs bir dəfə eşidildikdən sonra əvvəlki kimi susmaq istəmir.

“Ruhani” adının özündə də insanı düşünməyə vadar edən mənəvi məna duyulur. Ruh insanın gözlə görünməyən, lakin bütün varlığına istiqamət verən aləmidir. Bədən torpağa bağlıdır, gündəlik həyatın qayğıları ilə əhatələnib, müəyyən sərhədlər daxilində yaşayır. Ruh isə bəzən insanın yaşadığı məkanın hüdudlarına sığmır. O, keçmişə qayıtmaq, unudulmuş bir səsi yenidən eşitmək, itirdiyi doğmalığı tapmaq, özünü tamamlayan mənəvi ünvana çatmaq istəyir. “Ruhani”nin təsir gücü də bu daxili ziddiyyəti duyurmasındadır. Dinləyici sazın səsində özünü həm burada, yaşadığı həyatın içində, həm də əlçatmaz görünən başqa bir məkanda hiss edə bilər. Sanki bədən bir yerdə qalsa da, könül çoxdan başqa bir yola çıxıb. O yolun sonunda nəyin gözlədiyini bilmir, amma geri dönmək də istəmir. Çünki insanın ruhunu hərəkətə gətirən həsrət bəzən çatmaq arzusundan daha güclü olur.

Bu havanın insanın ruhuna toxunmasını yalnız melodiyanın hüznlü səslənməsi ilə izah etmək doğru olmazdı. Kədər musiqidə təkcə ləngərlik, ahəng və ya səsin titrəyişi ilə yaranmır. Əsl kədər dinləyicinin öz həyatında yaşadığı itkilərlə, yaddaşında qoruduğu xatirələrlə və dilə gətirə bilmədiyi duyğularla musiqinin arasında körpü qurulduğu zaman meydana çıxır. “Ruhani” həmin körpünü yarada bilən havalardandır. Bir insan bu səsdə anasının laylasını, başqa biri uşaqlığının keçdiyi kəndin axşamlarını, digəri isə uzaqlarda qalan doğmalarının həsrətini xatırlaya bilər. Heç birinin xatirəsi digərinə bənzəmir, amma hamısı eyni musiqidə özünə yer tapa bilir. Elə buna görə də “Ruhani” dinləyicinin hisslərini ona diktə etmir, onun daxilində gizlənən duyğulara yol açır. Musiqi bitəndə insan bəzən niyə kədərləndiyini dəqiq ifadə edə bilmir. Sadəcə, qəlbində nəyinsə tərpəndiyini, çoxdan toxunmadığı bir xatirənin yenidən canlandığını hiss edir.

Bu havanın yaratdığı ovqatı anlamaq üçün qürbət anlayışına diqqət yetirmək lazımdır. Qürbət yalnız doğma yurddan uzaqda yaşamaq deyil. Bəzən insan öz evində, doğmalarının arasında da qürbət hiss edə bilər. Çünki qürbət, hər şeydən əvvəl, insanın özünü aid olduğu mənəvi aləmdən uzaq hiss etməsidir. Doğma bir səsin, tanış bir qoxunun, uşaqlıqdan yaddaşa hopmuş bir mənzərənin yoxluğu insanı illərlə davam edən daxili ayrılığın içində saxlaya bilər. “Ruhani”nin saz simlərində səslənən nisgili də bu mənada coğrafi sərhədləri aşır. O, təkcə uzaq ellərdə yaşayanların deyil, keçmişi üçün darıxanların, itirdiyi zamanı geri qaytara bilməyənlərin, doğma adamlarının yoxluğunu hər gün yenidən yaşayanların da havasıdır. Bəzən insan bir musiqini dinləyərkən özünün heç vaxt getmədiyi yerlər üçün darıxır. Bu, musiqinin yaratdığı ən qəribə və ən dərin duyğulardan biridir, yaddaşında olmayan bir yerin həsrəti də qəlbində gerçək ağrıya çevrilir.

Burada ruhun bədən qəfəsində həbs olunması obrazı xüsusi məna daşıyır. İnsan maddi dünyanın içində yaşayarkən arzuları, xatirələri və mənəvi ehtiyacları ilə daim görünməz bir sərhədi aşmağa çalışır. Bəzən həmin sərhəd məsafədir, bəzən zaman, bəzən də insanın öz taleyidir. Bədən burada yalnız fiziki varlıq deyil, ruhun sərbəstliyini məhdudlaşdıran həyat şərtlərinin rəmzi kimi də başa düşülə bilər. Ruh isə azadlıq istəyir, özünü tamamlayan mənaya, mənsub olduğu yurda, itirdiyi bütövlüyə qovuşmağa can atır. Füzulinin “Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm” misrasını bu mənəvi müstəvidə xatırlamaq yerinə düşər. Burada qəfəsdən qurtuluş yalnız bir məhdudiyyətdən çıxmaq deyil, insanın öz həqiqətinə qovuşması kimi də yozula bilər. “Ruhani”nin kədəri də elə bu qovuşmanın hələ baş verməməsindən doğur. Sazın səsində bir çağırış var, lakin çağırışın cavabı eşidilmir. Sanki ruh öz Vətənini görür, onun nəfəsini duyur, amma aradakı məsafəni qət edə bilmir.

Vətən anlayışı bu nöqtədə adi coğrafi məna çərçivəsindən çıxaraq insanın mənəvi varlığının ayrılmaz hissəsinə çevrilir. Vətən yalnız doğulduğun torpaq, böyüdüyün ev, yaşadığın kənd və ya şəhər deyil. O, insanın dünyanı ilk dəfə tanıdığı səslərin, özünü ilk dəfə təhlükəsiz hiss etdiyi qucağın, uşaqlıq xatirələrinin və kimliyini formalaşdıran dəyərlərin məcmusudur. Vətən mütləq həqiqət məkanı olaraq, ruhun olduğu ilkin substansiyadır. İnsan böyüyür, yollar keçir, başqa şəhərlər görür, fərqli həyatların içində yaşayır, amma onun daxilində bir başlanğıc nöqtəsi qalır. Həmin nöqtəyə qayıtmaq arzusu bəzən bütün ömrün səssiz müşayiətçisinə çevrilir. “Ruhani” bu arzunun musiqidəki ifadəsi kimi səslənir. Sazın səsi dinləyiciyə sanki xatırladır ki, insanın bəzi bağlılıqları zamanın və məsafənin təsiri ilə yox olmur. Əksinə, uzaqlaşdıqca onların dəyəri daha aydın görünür. Vətənin-Ələstin (Ələst insanın bu dünyaya gəlməmişdən öncə ruhların olduğu məkanın adırır – R.M) həsrəti də çox vaxt onun yanında olduğumuz zaman deyil, aramızda məsafə yarandıqda bütün ağırlığı ilə hiss olunur.

Sazın türk mədəniyyətindəki yerini də məhz bu mənəvi bağlılıq kontekstində qiymətləndirmək lazımdır. Saz əsrlər boyu insanların sevincini, dərdini, qəhrəmanlığını və taleyini müşayiət edən musiqi alətlərindən biri olub. Onun səsində təkcə ifaçının ustalığı deyil, bir xalqın yaddaşı, dünyagörüşü və mənəvi təcrübəsi yaşayır. Aşığın dili ilə söylənən sözlər bəzən sazın müşayiəti ilə daha dərin məna qazanır, lakin sazın özü də sözsüz danışmağı bacarır. Elə havalar var ki, onların təsiri üçün nə dastana, nə də uzun bir izaha ehtiyac duyulur. Bir neçə səs insanı əsrlərin arxasına aparmağa, keçmişlə bu gün arasında görünməz bir əlaqə yaratmağa kifayət edir. “Ruhani”nin qüdrəti də bu ənənənin içində üzə çıxır. O, ayrı-ayrı insanların şəxsi duyğularını ortaq mənəvi hala çevirə bilir. Dinləyicilər müxtəlif yaşlarda, müxtəlif talelərdə, müxtəlif dünyagörüşlərində ola bilərlər, amma sazın səsindəki nisgili hər biri öz həyatından bir parça ilə tamamlaya bilər.

Sazın təkbaşına ifasının orkestr təsiri yaratması haqqında fikir də boşuna yaranmayıb. Əlbəttə, sazın fiziki baxımdan bütöv orkestrin səs imkanlarını əvəz etdiyini söyləmək musiqi baxımından mübahisəli olardı. Ancaq mənəvi təsir və ifadə imkanları baxımından bu fikir dərin məna daşıyır. Çünki sazın bir simindən qopan səs bəzən bir neçə alətin yaratdığı ahəngdən daha təsirli ola bilər. Burada əsas məsələ səsin çoxluğu deyil, onun insanın daxilində oyatdığı mənaların zənginliyidir. “Ruhani” ifa olunarkən dinləyici yalnız melodiyanı eşitmir, həmin melodiyanın arxasında dayanan sükutu, ayrılığı, gözləməyi, ümidi və bəzən də ümidsizliyi hiss edir. Hər bir səsin arasında sanki deyilməmiş bir cümlə, tamamlanmamış bir hekayə qalır. Musiqinin bu boşluqları dinləyicinin yaddaşı doldurur. Beləcə, bir sazın səsində bütöv bir elin keçmişi, bir ailənin xatirəsi, bir insanın ömrü və bir xalqın taleyi canlana bilir.

“Ruhani”nin kədəri insanı ümidsizliyə sürükləyən qaranlıq deyil. Bu, daha çox insanın öz daxilinə baxmasına, itirdiklərinin dəyərini anlamasına və mənəvi bağlılıqlarını yenidən hiss etməsinə səbəb olan kədərdir. Həmin duyğuda həm ağrı, həm də qəribə bir rahatlıq var. İnsan bəzən danışa bilmədiyi dərdini musiqidə tapanda yüngülləşir, çünki onun yaşadığı hissin sözsüz də olsa, ifadə oluna bildiyini anlayır. Sanki uzun müddət tək daşıdığı bir yükün başqa bir insanın səsində də yaşadığını görür. “Ruhani” bu mənada insanı yalnız öz kədəri ilə üz-üzə qoymur, onu başqalarının dərdinə də yaxınlaşdırır. Dinləyici öz həsrətini duyduğu anda başqasının həsrətini də anlamağa başlayır. Musiqinin insanları birləşdirən gücü də buradan qaynaqlanır. Ortaq kədər insanları eyni taleyin sahibi etmir, amma bir-birinin ağrısını anlamaq üçün onların arasında mənəvi körpü yaradır.

Bu havanın ictimai yaddaşla əlaqəsi də xüsusi diqqətə layiqdir. Xalqın yaddaşı yalnız yazılı tarixdə, arxiv sənədlərində və salnamələrdə qorunmur. O, bəzən bir laylada, bir el havasında, nəsildən-nəslə ötürülən bir melodiyada yaşayır. Tarix hadisələrin adını və tarixini yadda saxlayırsa, musiqi həmin hadisələrin insan ruhunda qoyduğu izi yaşada bilir. Ayrılıqların, köçlərin, itkilərin və Vətən həsrətinin bütün təfərrüatları bir havanın daxilində sözlə ifadə edilməsə də, onun yaratdığı ovqat bu təcrübələrin yaddaşda qalmasına kömək edir. “Ruhani”nin hər yeni ifası buna görə yalnız keçmişin təkrarı deyil, həmin keçmişlə yenidən ünsiyyət cəhdidir. Hər ifaçı havaya öz nəfəsini, öz duyğusunu və öz həyat təcrübəsini gətirir. Eyni melodiya müxtəlif zamanlarda səslənsə də, onun daşıdığı mənəvi məzmun yeni dinləyicilərin qəlbində yenidən doğulur.

Bu mənada sazı yalnız musiqi aləti kimi qorumaq kifayət deyil. Onun yaratdığı mənəvi dünyanı, daşıdığı yaddaşı və insanları bir-birinə bağlayan duyğuları da yaşatmaq lazımdır. Çünki mədəniyyətin davamlılığı yalnız qədim nümunələrin mövcudluğu ilə ölçülmür, həmin nümunələrin yeni nəsillərin ruhuna toxunmaq qabiliyyəti də mühüm əhəmiyyət daşıyır. “Ruhani” gənc bir dinləyicidə də həsrət oyada bilirsə, o, keçmişin uzaq bir yadigarı olmaqdan çıxaraq bu günün mənəvi həyatının iştirakçısına çevrilir. Musiqinin yaşaması onun yalnız ifa edilməsindən deyil, dinlənilməsindən, hiss edilməsindən və insanın öz həyatında ona yer verməsindən asılıdır. Sazın səsi unudulmuş duyğuları oyatdıqca, xalqın yaddaşı da öz canlılığını qoruyur.

Bütün bunların içində “Ruhani”nin ən təsirli tərəfi insanı sözlərin bitdiyi yerə aparmasıdır. Bəzən bir insanın Vətən həsrətini izah etmək üçün uzun söhbətlərə ehtiyac olur, bəzən isə sazın bir neçə səsi həmin söhbətin edə bilmədiyini bacarır. O səsdə ayrılığın ağırlığı da var, qayıdış ümidi də, zamanın geri dönməzliyinə qarşı üsyan da, insanın mənəvi köklərindən qopa bilməməsi də. Dinləyici bu havanı eşidəndə yalnız bir musiqi nümunəsini dinləmir; o, öz daxilindəki səssiz otaqların qapısını açır. Həmin otaqlarda bəzən çoxdan itirdiyi bir adamın xatirəsi, bəzən uşaqlıqdan qalan bir mənzərə, bəzən də heç vaxt dilə gətirə bilmədiyi bir nisgil yaşayır. “Ruhani” bu xatirələrin hamısını eyni melodiyada bir araya gətirə bilir.

Bəlkə də buna görə “Ruhani”ni dinləyərkən yaranan kədər sona çatmış bir hekayənin kədəri deyil. Bu, hələ qovuşmamış ruhun, hələ bitməmiş yolun, hələ cavabını tapmamış çağırışın kədəridir. Həmin kədərin içində insanı ayaqda saxlayan bir ümid də gizlənir. Nə qədər ki, ruh öz Vətənini axtarır, nə qədər ki, insan doğma səsə, doğma torpağa və mənəvi başlanğıcına qovuşmaq istəyir, onun daxilində həyat davam edir. Sazın simlərindən süzülən səs bu istəyi bəzən bir fəryad kimi, bəzən bir dua kimi, bəzən də uzaqlardan gələn sakit bir çağırış kimi ifadə edir. Bu çağırışın ən dərin mənası isə insanın öz köklərini unutmaq istəməməsində, mənəvi bütövlüyünü qorumağa çalışmasında üzə çıxır.

“Ruhani” səslənəndə saz sanki insanın yerinə danışır, amma onun əvəzinə qərar vermir. Həsrətin nə olduğunu izah etmir, onu yaşadır, kədərin səbəbini göstərmir, insanı öz kədəri ilə görüşdürür. Vətənin harada olduğunu bir fiziki məkan kimi xatırlamır, onu qəlbin içində duyurur. Bəlkə də əsl sənətin qüdrəti elə budur. İnsanın bilmədiyi bir şeyi ona öyrətməkdən əvvəl, çoxdan bildiyi, lakin unutmağa başladığı həqiqəti yenidən hiss etdirmək. Sazın “Ruhani” havası da bu həqiqətin səsə çevrilmiş formasıdır. O, ruhun qəfəsindən çıxmaq istəyən fəryadını, qürbətdə qalan könlün Vətənə uzanan əllərini, keçmişə dönə bilməyən insanın yaddaşında yaşayan nisgilini səsləndirir. Melodiya sona çatır, simlərin titrəyişi yavaş-yavaş sükuta qarışır, amma insanın daxilində nəsə hələ də səslənməkdə davam edir. Çünki bəzi havalar qulaqda bitir, ruhda isə bitmir. “Ruhani” də bu havalardandır. İnsanın könlündə özünə yer salan, onu bir az kövrəldən, bir az susduran və ən çox da öz mənəvi köklərinə qaytaran bir səs kimidir “Ruhani”. Bu səsin içində Vətənin həsrəti, yaddaşın ağrısı və ruhun azadlıq arzusu yaşayır. İnsan onu dinlədikcə anlayır ki, bəzən ən dərin sözlər heç deyilməyən sözlərdir, ən uzun yol isə insanın öz ruhundan Vətəninə uzanan yoldur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью