“Rumıniya bizim üçün təkcə yeni bazar deyil, həm də Aİ yə açılan qapıdır” Paşinyan

24.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

525.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunduğu ildə belə bir nailiyyətin əldə edilməsi rəmzi məna daşıyır.

“Biz daha sıx siyasi dialoq aparmaq və ölkələrimizin bir-birinin təcrübə və imkanlarından faydalana biləcəyi sahələrdə birgə proqramlar hazırlamaq barədə razılığa gəldik. Bu gün ikitərəfli münasibətlərimizin iqtisadi komponentini ətraflı müzakirə etdik, ticarət və investisiyaların inkişafının vacibliyini vurğuladıq. Son aylarda Ermənistan ənənəvi bazarlarda məhsullarımıza tətbiq edilən məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda Rumıniya təkcə bizim üçün çox mühüm yeni bazara deyil, həm də limanları sayəsində Avropa İttifaqına açılan qapıya çevrilib”, - Paşinyan bildirib.

O deyib ki, Rumıniya Prezidenti ilə müdafiə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı faydalı proqramların həyata keçirilməsi məsələlərini də müzakirə edib.

Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitindən sonra Cənubi Qafqazda baş verən mühüm dəyişikliklər barədə Rumıniya Prezidentinə məlumat verib.

Qeyd edək ki, Paşinyan noyabrın 24-də Rumıniyaya rəsmi səfər edib. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью