Rumıniya hərbi imkanlarını genişləndirir

08.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buxarest, 8 sentyabr, AZƏRTAC

Rumıniyanın Ali Milli Müdafiə Şurası bu ölkənin silahlı qüvvələrinin 2027–2036-cı illər üzrə təchizat planını, həmçinin Rumıniya ordusunun 2044-cü ilədək transformasiyası, inkişafı və silahlandırılması proqramını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Digi24” telekanalı Rumıniyanın Ali Milli Müdafiə Şurasının iclasından sonra məlumat yayıb.

Bildirilib ki, Prezident Nikuşor Danın sədrliyi ilə Kotroçen sarayında keçirilən iclasda ordunun əməliyyat imkanlarının gücləndirilməsi və strateji planlaşdırmanın yeni geosiyasi reallıqlara uyğunlaşdırılması əsas müzakirə mövzularından olub. Təsdiqlənmiş 2027–2036-cı illər üzrə təchizat planı hərbi texnikaya olan əməliyyat tələbatının müdafiəyə ayrılan çoxillik maliyyə resursları ilə uzlaşdırılmasını nəzərdə tutur.

Sənədə əsasən, Rumıniya mövcud hərbi imkanlarını gücləndirməklə yanaşı, yeni, dayanıqlı, çevik və mobil qabiliyyətlərin yaradılmasına üstünlük verəcək. Məqsəd regional və qlobal təhlükəsizlik mühitində yaranan risk və təhdidlərə daha çevik cavab verməkdir.

Rumıniyanın Ali Milli Müdafiə Şurası, həmçinin 2044-cü ilədək ordunun transformasiyası, inkişafı və təchizatı proqramını təsdiqləyib. Proqram 2025-ci ildə qəbul edilmiş Strateji Müdafiə Təhlilində yer alan tövsiyələri konkret tədbirlərə çevirməlidir. Rumıniya tərəfi ordunun döyüş qabiliyyətinin artırılması üçün silahlanma, əməliyyat fəaliyyəti və döyüş hazırlığına kifayət qədər maliyyə ayrılmasının vacibliyini vurğulayıb.

Rumıniya 2025-ci ildə Haaqada keçirilən NATO Sammitində 2035-ci ilədək müdafiə və onunla əlaqəli xərcləri ümumi daxili məhsulun 5 faizinə çatdırmaq öhdəliyi götürüb. Bunun 3,5 faizinin birbaşa müdafiə xərclərinə, 1,5 faizinin isə müdafiə ilə əlaqəli digər istiqamətlərə ayrılması nəzərdə tutulur.

İclasda Avropa İttifaqının SAFE proqramının Rumıniyada həyata keçirilməsi də qiymətləndirilib. Buxarest müdafiə xərclərinin artırılmasını milli müdafiə sənayesinin modernləşdirilməsi, qabaqcıl texnologiyaların cəlb olunması üçün imkan kimi qiymətləndirir.

Ali Milli Müdafiə Şurası Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı hərbi mövcudluğunu nəzərdən keçirməsi fonunda Rumıniyada Amerika qoşunlarının və hərbi imkanlarının yerləşdirilməsi ilə bağlı ikitərəfli dialoqun vəziyyətini də müzakirə edib. Şura ABŞ-nin Rumıniyadakı mövcudluğunun gücləndirilməsini ölkənin təhlükəsizliyi və NATO-nun şərq cinahının çəkindirmə imkanları baxımından strateji əhəmiyyətli hesab edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью