Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub

18.11.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bolqarıstan, Serbiya, Moldova və Ukrayna ilə yanaşı, Türkiyənin İstanbul şəhərinin bəzi ərazilərində də hiss edilib.

BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ noyabrın 18-də yerli vaxtla saat 02:48-də baş verib.

Zəlzələnin episentri Rumıniyanın Vrancea bölgəsində, Nereju Mik kəndindən təxminən 16 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələ ilə bağlı 14 mindən çox məlumat alıb. Hadisə şahidləri Rumıniyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Buxarestdə təkanların hiss olunduğunu bildiriblər.

Məlumata görə, Vransea seysmik bölgəsi tarixən güclü zəlzələlərin baş verdiyi ərazilərdən biridir. Burada 1940 və 1977-ci illərdə dağıdıcı zəlzələlər qeydə alınıb. 1977-ci il zəlzələsi nəticəsində Rumıniyada, əsasən Buxarestdə olmaqla, 1500-dən çox insan həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью