Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin dünənki plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı rus bölməsində təhsil alan şagirdlərin sayına və onların təhsilinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə diqqət çəkib.
O bildirib ki, hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Deputat qeyd edib ki, Azərbaycanda ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəblər, demək olar ki, yoxdur. Belə olan halda, rus dilinin Azərbaycanda hansı xüsusi və müstəsna statusa malik olduğu sual doğurur. Rus bölməsində təhsil alan şagirdlər ümumi şagird sayının 9,3 faizini təşkil edir və bu məsələyə yenidən baxılmalıdır.
Rus sektoru pullu ola bilərmi? Rus bölməsində təhsilin ödənişli əsaslarla təşkili cəmiyyətdə necə qarşılanar?
"Bakupost" xəbər verir ki, Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli hazırda Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də məhz bu mövzudur deyib.
"Azərbaycanda fəaliyyət göstərən özəl liseylərdə ingilis, alman, fransız, rus və digər dillərdə tədris həyata keçirilir. Bununla yanaşı, Azərbaycan məktəblərində rus bölmələri, eləcə də tədrisin bütövlükdə rus dilində aparıldığı təxminən 14-15 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə dərs vəsaitləri Azərbaycan dövləti hesabına pulsuz paylanılır. Təxminən 16 fənn tədris olunur və hər bir fənn üzrə dərsliklər şagirdlərə ödənişsiz təqdim edilir. Belə bir model, məsələn, Gürcüstanda da mövcuddur. Orada azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə Azərbaycan dilində tədris aparan məktəblər fəaliyyət göstərir. Lakin Gürcüstan hökuməti həmin məktəblər üçün dərs vəsaitləri çap etmir. Dərs vəsaitləri Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsi hesabına hazırlanaraq məktəblərə təqdim olunur", - o bildirib.
Ekspert qeyd edib ki, bu baxımdan Hikmət Babaoğlunun səsləndirdiyi fikirlərdə müəyyən məntiq var:
"Əgər Azərbaycanda digər dillərdə tədris aparılan məktəb və bölmələr fəaliyyət göstərirsə, həmin dillərin aid olduğu dövlətlər tədrisin maliyyələşdirilməsində iştirak etməli, yaxud dərs vəsaitlərini çap edərək göndərməlidirlər. Əks halda, digər dillərə münasibət necədirsə, rus dilinə də eyni münasibət göstərilməlidir. Yəni rus bölmələrində təhsil ödənişli əsaslarla həyata keçirilməli və ya Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətin pulsuz təhsil təminatı Azərbaycan dilində tədris aparılan məktəblərə yönəldilməlidir. Digər dillərdə təhsil almaq istəyənlər isə özəl statuslu liseylərə üz tuta bilərlər".