Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya hakimiyyəti saxta kadr agentlikləri və qeyri-rəsmi miqrasiya şəbəkələri vasitəsilə xarici ölkə vətəndaşlarını Ukraynaya qarşı müharibəyə cəlb edir.
Modern.az xəbər verir ki, bu barədə The Telegraph nəşri yazır.
Məlumata görə, belə yollarla cəlb olunanların əksəriyyəti heç bir hərbi hazırlıq keçmədən, haraya göndərildiklərini tam anlamadan cəbhəyə aparılır və onların bir çoxu ilk 72 saat ərzində həlak olur.
Nəşrin araşdırmasına əsasən, 2025-ci ilin sonunadək Rusiya Afrika, Asiya və Latın Amerikasından olan 128 ölkənin vətəndaşı olmaqla təxminən 18 min nəfəri müharibəyə cəlb edib. Onlardan azı 3,3 min nəfəri döyüşlərdə öldürülüb. Ukrayna tərəfinin əsir götürdüyü 10 min rusiyalı hərbçinin təxminən 7 faizi xarici vətəndaşlardır.
Əsir düşən əcnəbilərin bir qismi bildirir ki, onlara mülki və ya arxa cəbhədə qeyri-döyüş işi vəd edilib. Lakin Rusiyaya çatdıqdan sonra rus dilində tərtib edilmiş sənədləri məcburi imzalatdırılıb, pasportları alınıb və birbaşa cəbhəyə göndəriliblər. Kamerundan olan şəxslərdən biri internetdə aşpaz və ya mühafizəçi işi ilə bağlı elan görərək müraciət etdiyini, lakin nəticədə müharibəyə düşdüyünü deyib.
Uqandadan olan 43 yaşlı başqa bir şəxs isə Rusiyaya uçmaq üçün borc aldığını, ölkəsində ayda cəmi 50 dollar qazandığını və yaxşı maaşlı təmizlikçi və ya mühafizəçi işi vəd edildiyini bildirib. Onun sözlərinə görə, Rusiyaya çatdıqdan dərhal sonra ona və daha üç əcnəbiyə müharibəyə göndəriləcəkləri deyilib. İmtina etməyə imkan verilməyib, silahla hədələnərək sənədləri imzalamağa məcbur edilib. Daha sonra döyüş mövqeyinə aparılan həmin şəxs əsir düşüb.
Məsələni araşdıran Fransız Beynəlxalq Münasibətlər İnstitutu (IFRI) bildirir ki, Rusiya tərəfinin tətbiq etdiyi bu üsullar insan alveri və Cənub-Şərqi Asiyada fəaliyyət göstərən dələduz “call-center” sxemlərini xatırladır. Xüsusilə Afrikada əvvəllər qeyri-qanuni miqrasiya ilə məşğul olmuş vasitəçilərdən istifadə edilir və işə cəlbetmə çox vaxt Rusiyada əlaqələri olan yerli şəxslər vasitəsilə aparılır. IFRI tədqiqatçısı Tyerri Virkulonun sözlərinə görə, Rusiya miqrant axınının əsas mənbəyi olan ölkələri yaxşı tanıyır və mövcud şəbəkələrdən istifadə edir. Onun fikrincə, bu prosesdə turizm agentlikləri də rol oynayır, oxşar fəaliyyətlər daha əvvəl Vaqner Qrupu tərəfindən Mali və Mərkəzi Afrika Respublikasında həyata keçirilib.
Son vaxtlar cəbhədə Afrika mənşəli döyüşçülərin sayının artdığı müşahidə olunur. Bu, həm pilotsuz uçuş aparatlarının görüntülərində, həm də rusiyalı hərbçilərin özlərinin çəkdiyi videolarda əksini tapır. Yanvarın əvvəlində yayılan videolardan birində sinəsinə mina bağlanmış qaradərili muzdluya silahla hədə-qorxu gələrək “boz zona”dan keçməsi əmr olunur. Digər kadrlarda isə yeni gətirilmiş afrikalıların qarlı meşədə “istehlak materialı” adlandırıldığı eşidilir.