Rusiya ABŞ İran gərginliyində yeni rol ala bilər Açıqlama

12.09.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ABŞ və İrana müraciət edərək tərəfləri gərginliyin azaldılmasına yönəlmiş addımlar atmağa çağırıb. Moskvanın bu çağırışı ABŞ-İran qarşıdurmasının regionda daha da dərinləşməsi fonunda diqqət çəkir.
Bəs Rusiyanın bu mövqeyinin arxasında hansı siyasi maraqlar dayanır və Moskva Vaşinqtonla Tehran arasında mümkün danışıqlarda vasitəçi rolunu oynaya bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, son dövrün əsas geosiyasi hadisələrindən biri iki nəhəng dövlətin, yəni Rusiya və Amerika Birləşmiş Ştatlarının müharibə kampaniyalarına qatılması və bunun onların imicinə ciddi zərbə vurmasıdır.
Onun sözlərinə görə, indi hər iki ölkə böyük hərbi-siyasi və texniki imkanlara, geniş arsenallara malikdir:
“Amma buna baxmayaraq, müharibə artıq başqa taktikalarda, başqa gedişlərdə yer alır və ənənəvi olaraq favorit sayılan tərəflər həm gerilədilər, həm də özlərinin zəif nöqtələrini nümayiş etdirdilər.
İndi Amerika Birləşmiş Ştatları, biz görürük ki, gecə-gündüz Donald Trampın dili ilə Ukraynaya və Rusiyaya səslənir ki, bəs gəlin müharibəni dayandırın. Müharibə heç kəsə xoşbəxtlik gətirməyib, yüngüllük gətirməyib. Və belə olduğu halda, özü Körfəzdə müharibə aparır. Yəni bir qədər burada biz təzadları görürük.
Digər tərəfdən, Rusiya da öz növbəsində çalışır ki, bu vəziyyətdə öz diplomatik fəallığını nümayiş etdirsin. Artıq Amerikaya və İrana səslənir ki, müharibəni dayandırın. Yəni faktiki olaraq burada paritetdən söhbət gedir.
Əlbəttə, indi həm Moskva, həm də Vaşinqton gözəl başa düşürlər ki, onların dünya miqyasında mövqeləri zəifləyib. Artıq onlar mütləq qaliblər kimi qarşılanmırlar. Hər ikisinin, demək olar ki, geriləməsi var.
Düzdür, Rusiyanın burada bir qədər üstünlüyü açıq-aşkar görünür, çünki məhz Ukrayna ərazilərinin beşdə birini, demək olar ki, Rusiya ələ keçirib. Yəni bu, özü-özlüyündə bir növ onlara bəraət qazandırır ki, bəli, biz elə-belə bu müharibəni aparmırdıq, biz rusdilli əhalinin qayğısına qalırdıq. Digər tərəfdən də Ukraynadakı nasistlərin hakimiyyətini şübhə altına qoyuruq, deyirik ki, biz bununla barışmayacağıq.
Ona görə, bax, bu baxımdan da mən elə düşünürəm ki, Rusiya indi öz növbəsində estafeti Amerikadan alaraq, heç nə demədən, həm Vaşinqtona, həm də Tehrana səslənir ki, müharibəni dayandırın.
Əlbəttə ki, müharibə uzun gedə bilməz. Rusiya-Ukrayna müharibəsi artıq beş ilə yaxındır davam edir. Buna baxmayaraq, onlar onsuz da nə vaxtsa dayanacaqlar. Müharibələr də nə vaxtsa dayanır və məsələlər adətən masa arxasında öz həllini tapır. Yəni nəticələrlə bağlı, sonra iddialarla bağlı, gözləntilərlə bağlı, tələblərlə bağlı və təbii ki, burada Rusiya bir qədər üstün görünür.
Amma Amerika Birləşmiş Ştatlarının vəziyyəti isə Körfəzdə çox problemlidir. Çünki Donald Trampın bu hədələri, digər tərəfdən “biz sizi daş dövrünə qaytaracağıq” kimi deməsi, sonra aqressiv, belə deyək, çağırışlar və s. – bunların heç birinin effekti olmadı. Yəni İran tərəfi geriləmədi.
Digər tərəfdən də İran özünün təkcə siyasi deyil, həm də hərbi hazırlığını çox yüksək səviyyədə nümayiş etdirdi və bildirdi ki, Amerikanın gücü, İsrailin texnoloji üstünlüyü qarşısında İranın da deməyə sözü, hazır etdiyi imkanları var və silah-sursat baxımından da İranın hərbi imkanları az deyil.
Hesab edirəm ki, bax, bu proseslərdə, əlbəttə ki, istər-istəməz xüsusi kanallarla Rusiya ilə Amerika Birləşmiş Ştatlarının elitalarının nümayəndələrinin təmasları var. Bu normaldır, bu belə də olmalıdır. Hətta müharibə aparan tərəflərin arasında bəzən görürsən ki, istər-istəməz kontaktlar yaranır, təmaslar yaranır. Buna ehtiyac var”.
Tofiq Abbasov əlavə edib ki, çünki elə məsələlər var ki, onlar konsensus yolu ilə həllini tapırlar:
“Xüsusilə də humanitar sahəyə aid, görürsən ki, bəzi ağrılı problemlər çıxır ortaya və burada hətta qatı düşmənlər, bir-biri ilə heç bir yola getməyən tərəflər görürsən ki, artıq məcbur olurlar üçüncü tərəflərin vasitəsilə, ya da birbaşa kontaktlarla öz aralarında bir körpü qursunlar ki, məsələlərin çözülməsinə nail olsunlar.
İndi, təbii ki, burada bu, çox ümidverici bir məqamdır ki, həm bir yandan Amerika Birləşmiş Ştatları müharibə ilə bağlı çağırış edir ki, qarşıdurmanı dayandırın, digər tərəfdən Rusiya qarşı tərəflərə çağırış edir ki, dayandırın, müharibə daim gedə bilməz.
Hesab edirəm ki, bax, bu proseslərdə həm Moskva, həm də Vaşinqton dünya birliyinin qarşısında özünəməxsus tərzdə bir növ mövqelərinə haqq qazandırmaq istəyirlər və ona görə də bu çağırışlar səslənir.
Təbii ki, təhlükəsizliyin təmin olunması üçün bu çağırışların yeri var.
Təbii ki, indiki şəraitdə təhlükəsizliyin qorunması baxımından bu çağırışların, əlbəttə ki, yeri var, onlara böyük ehtiyac da duyulur. Həm də güc sahibləri özləri də bildirirlər ki, bəli, bir çox məsələləri əgər bu yaxınlara qədər onlar çalışırdılar silah-sursatla, sonra öz hərbi üstünlüklərinin hesabına qazansınlar, indi artıq başa düşürlər ki, deyəsən, diplomatik imkanlar, resurslar da tükənməyib, onlardan istifadəyə böyük ehtiyac duyulur.
Hesab edirəm ki, bu çağırışları normal qarşılamaq lazımdır və onlar elə yerindəcə, vaxtında da səslənirlər”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью