Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“The Washington Post” qəzeti nin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin müharibədən sonra Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər ABŞ və Avropa təhlükəsizlik zəmanətlərinin verilməsinə gizli şəkildə razılıq verib.
Putinlə ABŞ prezidentinin müşaviri Stiv Uitkof və xüsusi nümayəndə Cared Kuşner arasında aparılan müzakirələrdən məlumatlı olan olan mənbə Rusiya rəhbərliyinin Ukraynada NATO qoşunlarının yerləşdirilməməsini əsas şərt kimi irəli sürdüyünü yazır. Qeyd edilir ki, bu təklif ətrafında razılaşma əldə olunarsa, Rusiya sanksiyalardan azad olacaq. Lakin Rusiya yeni bir işğal üçün qoşun toplayarsa, sanksiyalar bərpa olunacaq.
“Bu münaqişənin əsasında Ukraynanın Rusiyanın təsir orbitindən qurtulmaq və Avropa Birliyinin bir hissəsi olmaq istəyi dayanır. Putin Avropa kimliyini əngəlləmək üçün 2022-ci ildə Ukraynaya müdaxilə etdi. Lakin danışıqçılar onun buna nail olmadığını deyirlər. Kuşner bildirib ki, Kiyevin Avropa İttifaqına üzvlüyü yolunda anlaşmaya nail olmaqda əhəmiyyətli irəliləyiş əldə edilib ki, bu da Ukraynanın Avropadakı uzunmüddətli gələcəyini təmin edəcək.
Bu həftə Avropa rəsmiləri mənə dedilər ki, onlar həqiqətən də Ukraynanın Aİ üzvlüyünü nəzərdən keçirmək üçün xüsusi bir proses planlaşdırırlar. Buna baxmayaraq, onun tamamlanması on il çəkə bilər. Hələlik Rusiya, Ukrayna və Avropa müharibədən sonrakı təhlükəsizlik tədbirlərini müzakirə edərək, onun detallarını araşdırırlar. Putinin Ukrayna ərazisində NATO bazalarını yerləşdirməkdən imtina etməsinə cavab olaraq, ABŞ rəsmiləri Rusiyanın atəşkəsdən sonra qoşunlarını sərhəddən geri çəkməsini təklif etdilər. Əgər Rusiya qoşunları hücuma keçərsə, NATO qoşunları dərhal Ukraynaya daxil olacaq. Amerika və Avropa rəsmiləri Rusiyanın razılaşmaya əməl etməsini necə nəzarətdə saxlamaq və böhran vəziyyətində necə çevik əməkdaşlıq etmək barədə müzakirələr aparıblar".
“The Washington Post”un yazdığına görə, əsas mübahisə ərazilərlə bağlıdır. Putin ağır döyüşlərin getdiyi bütün Donbasa nəzarət etmək istəyir. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski Donbasın Rusiya tərəfindən işğal olunmamış ərazilərini güzəştə getməkdən imtina edir. Kuşner bu çox çətin problemin həllini Putini Donbasda arzuladığı ərazinin qiyməti qədər nifrət etdiyi Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünü qəbul etməyə məcbur etməkdə görür. Amerikalılar isə Zelenskiyə belə sual veriblər: “Ukrayna NATO-ya qoşulsa necə olar? Ukrayna qoşunlarını Donbasdan çıxaracaqmı?” Bu məsələ ilk dəfə qaldırılırdı.
O bildirib ki, əgər amerikalı danışıqçılar təhlükəsizlik zəmanətlərini, bərpa ilə bağlı vəsaitləri və gələcək Ukrayna ordusunun sayına heç bir məhdudiyyət qoymayan bir paket hazırlaya bilsələr, onu ümumxalq referendumuna təqdim edəcək.
Qeyd edək ki, ABŞ və Rusiya Ukraynada sülhə nail olmağın vacibliyi barədə müxtəlif təkliflər irəli sürməsi müharibənin daha ağır mərhələyə keçməsi ilə müşahidə olunur. Xüsusilə də ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çençjendə keçirilən üçtərəfli sammiti bu problemi nəinki həll etmədi, əksinə qarşılıqlı hərbi zərbələrin artması baş verdi. Rusiyanın Ukrayna ərazisinə ballistik raket zərbələri endirməsinə cavab olaraq Kiyev qarşı tərəfin neft emalı müəssisələrini və iki gəmisini vurdu. Diqqət çəkın məqam isə Rusiya gəmilərinə Fin körfəzində və Liviyanın Aralıq dənizində zərbə endirilməsi ilə müharibənin digər regionlara keçməsidir.
Bu isə Tramp adminstrasiyasının ərazilər qarşılığında təhlükəsizlik zəmanətlərinin yer aldığı təkliflər paketi nə Rusiyanı, nə Ukraynanı, nə də Avropanı qane etməsi ilə izah oluna bilər. ABŞ Ukraynaya ərazilərinin bir qismindən imtina etmək müqabilində NATO-ya üzvlük və ya alyansın nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti vəd edir. Yəni rəsmi Kiyev Donbasın işğal olunmuş 78 faiz ərazisinin Rusiya tərəfindən ilhaqını qəbul edərsə, əvəzində Ukraynaya gələcəkdə ediləcək hər hansı hərbi müdaxilə bütün NATO üzvlərinə hücum sayılacaq. Bu halda NATO Ukraynanın birgə müdafiəsini təmin edəcək. Lakin Ukrayna Donald Trampın və Putinin vədlərinə inanmır.
Çünki 1994-cü ilin dekabr ayında Budapeşt Memoranmdumu ilə Rusiya və ABŞ nüvə silahından imtina edilməsi müqabilində Ukraynanın təhlükəsizliyinə zəmanət versələr də buna əməl etmədilər. Əksinə, Rusiya Ukrayna ərazilərini işğal etdi. İkincisi, Rusiya Ukraynanın NATO-ya üzvülüyünü istənilən şərt daxilində qəbul etmir. Moskva əgər əvvəllər Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxırdısa, son vaxtlar Avropa İttifaqının da şərqə doğru genişlənməsini özünün strateji maraqlarına zidd hesab edir. Bu baxımdan, Almaniyanın xarici işlər naziri Yohan Vadefulun açıqlaması Rusiyanın hərbi və geosiyasi təzyiqləri qarşısında Avropa İttifaqının geri çəkilmək istəmədiyini, əksinə Ukraynaya dəstəyin davam etdiriləcəyindən xəbər verir. Vadeful Avropa İttifaqının 1997-ci il sərhədlərinə qayıtmağı Rusiya ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Lakin Almaniya XİN rəhbəri hesab edir ki, bunun qarşılığında Rusiya Krımı və Donbası tərk etməlidir. Əks-halda 1997-ci il sərhədlərinə qayıtmaqdan söhbət gedə bilməz. Göründüyü kimi, Avropa İttifaqı Ukraynada təhlükəsizliyin təminatı üçün ilk növbədə, Rusiyanın 2014-cü ildən işğal etdiyi bütün ərazilərdən çıxmasını tələb edir. Əks təqdirdə, Avropa bunu özünün təhlükəsizliyinə təhdid hesab edir. ABŞ-nin mövqeyinə gəldikdə, bu məsələdə Tramp adminstrasiyası ilə Avropa arasında növbəti fikir ayrılığı üzə çıxır. Vaşinqtonun Ukraynaya təklif etdiyi ərazi güzəştləri müqabilində zəmanətlər Avropanın özünün də təhlükəsizlik maraqlarına cavab vermir. Bu baxımdan, Kuşnerin qovluğundakı variant daha çox siyasi reallıqdan uzaq səslənir. Həmin təkliflər NATO ölkələrinə və Rusiyaya əslində, çoxdan tanışdır.
Belə ki, hələ 2018-ci ildə “Haritage” Fondu, 2019-cu ilıin sentyabr ayında isə NATO-nun o zamankı Baş katibi Yan Foq Rasmussen Gürcüstanın işğal olunmuş əraziləri istisna olunmaqla rəsmi Tiflisin de-yure nəzarətində olan hissəsinin Şimali Atlantika Alyansına üzv qəbul olunmasına dair fikir irəli sürmüşdü. Bu təklifin tərəfdarları tarixi nümunə kimi vaxtilə Qərbi Almaniyanın NATO-ya daxil olmasını, 1989-cu ildə ölkənin şərq hissəsi ilə birləşməsindən sonra hər iki tərəfin alyansa üzvlük hüququ qazanmasını göstərirlər. Lakin Rusiyanın bu məsələdə sərt etirazı Gürcüstanın ərazilərindən imtina etmək hesabına NATO-ya daxil olmasının qarşısını aldı.
Əlbəttə, NATO-nun Nizamnaməsinə görə, ərazisində və sərhədlərində münaqişə olan ölkə alyansa üzv ola bilməz. Gürcüstana və Ukraynaya verilən təkliflər həm də bununla izah oluna bilər. Lakin Ukrayna Konstitusiyasına görə, ölkənin suverenliyi onun bütün ərazilərinə aiddir və başqa dövlətə güzəştə gedilə bilməz. Ona görə də Donbasın Rusiyaya verilməsi təklifinin qəbul ediləcəyi inandırıcı görünmür.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin