Rusiya Almaniya konsulluğunu bağlayır

07.09.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Almaniya tərəfinin Bonnda Rusiyanın Baş konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə bağlı qeyri-dost addımlarına cavab olaraq, sentyabrın 7-də Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkilinə aşağıdakı cavab tədbirlərinin görülməsi barədə məlumat verilib. Rusiya tərəfi Almaniya Federativ Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyət göstərməsinə verdiyi razılığı geri götürür. Baş konsulluq fəaliyyətini ən geci 18 sentyabr 2026-cı ilədək dayandırmalı, bütün əməkdaşları isə həmin tarixədək Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər”, - deyə nazirlikdən bildirilib.

Bundan əlavə, Rusiyadakı Höte İnstitutunun mədəniyyət mərkəzlərinin də “fəaliyyətini dayandırmalı” olduğu qeyd edilib.

“Ezam olunmuş əməkdaşlarına 13 sentyabr 2026-cı ilədək Rusiyanı tərk etmələri tapşırılıb. Diplomatik nümayəndəliyin rəhbərinə Rusiya Xarici İşlər Nazirliyinin müvafiq notaları təqdim edilib. Bildirilib ki, ikitərəfli münasibətlərdə növbəti eskalasiya mərhələsini yenidən məhz Almaniya hakimiyyəti təhrik edib. Bunun nəticələrinə görə bütün məsuliyyət tam şəkildə AFR hökumətinin üzərinə düşür”, - deyə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, sentyabrın 1-də Almaniya Rusiyanın Bonndakı baş konsulluğunun bağlanacağını və Berlindəki “Rusiya Evi”nin fəaliyyətinin dayandırılacağını açıqlayıb. Bu qərar Almaniyanın bir ay əvvəl Leypsiq hava limanında aşkarlanan partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatı ilə əlaqəli olub. Almaniya Rusiyanı bununla diversiya cəhdində ittiham edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью